Qırğızıstan parlamentinə 5 partiya daxil oldu

Qırğızıstan parlamentinə 5 partiya daxil oldu

Qırğızıstan Mərkəz Seçki Komissiyası (MSK) iki gün əvvəl keçirilən parlament seçkilərinin nəticələrinə görə, 5 partiyanın parlamentdə yer qazandığını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Komissiya ölkə daxilindəki bütün seçki qutularının açıldığını və səslərin sayıldığını billdirib.

 

Komissiyanın son məlumatına görə, seçici siyahısındakı 2 milyon 856 min 751 seçicidən 1 milyon 614 min 427-i səsvermə hüququndan istifadə edib. Parlamentdə 5 partiyanın yer qazanmasından sonra heç bir partiyanın tək başına iqtidar ola bilmədiyi məlum olub. Seçki nəticələrinə görə, devrilmiş prezident Kurmanbek Bakiyevin Ata Yurd Partiyası 8,85 faiz, 265 min 112 səslə birinci yeri tutub. Sonrakı yerləri İctimai Demokrat (8,05 faiz), Ar-Namus (7,76 faiz), Respublika (7,25 faiz) və Ata-Məkan (5, 61 faiz) partiyaları tutub. Bütün Qırğızıstan Partiyası isə 5 faizlik baryeri keçə bilmədiyi üçün parlamentə girə bilməyib.

 

Hələ dəqiqləşməyən nəticələrə görə, 120 yerlik parlamentdə Ata Yurd Partiyası 28, İctimai Demokrat Partiyası 26, Ar-Namus Partiyası 25, Respublika Partiyası 23 və Ata-Məkan Sosialist Partiyası 18 yer əldə edib. Son nəticələrin səslərin hesablanması ilə bağlı hazırlanan protokolların MSK-ya çatmasından sonra açıqlanacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə