Vyetnamın mərkəzini viran edən "Damri" qasırğası son 3 sutka ərzində 44 nəfərin canını alıb, 19 nəfər isə itkin düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Damri" son 20 ildə Vyetnamda baş verən ən güclü qasırğa hesab olunur. Koordinasiya Komitəsinin açıqladığı məlumata görə, təbii fəlakət nəticəsində evlər su altında qalıb, 40 mindən çox evə isə ziyan dəyib.
30 mindən çox adam daşqından qaçaraq evlərini tərk etməyə məcbur olub. Təbii fəlakət bir çox rayonların elektrik enerjisinə və digər şəhərlərlə əlaqələrinin tam şəkildə kəsilməsinə səbəb olub. 40 min hektardan çox əkin sahəsi su altında qalıb.
Baş verənlər nəticəsində mərkəzi Vyetnamın trafik vəziyyəti də pisləşib. Belə ki, ölkənin şimal və cənubunu birləşdirən dəmiryolunun 30 kilometri, eyni zamanda avtomagistral yollarının çox hissəsi su altında qalıb.
Hökumət problemlərin həlli istiqamətində fəaliyyətə başlayıb, ətraf rayonlarda yaşayan insanların normal həyat tərzinə qaytarılması istiqamətində tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB