“Nabucco”ya dəstək razılaşmaları oktyabr ayında imzalana bilər

"Nabucco" layihəsi ilə bağlı dəstək razılaşmalarının oktyabr ayı ərzində imzalanması planlaşdırılır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Atlantik Şurası tərəfindən təşkil edilən "II Qaradəniz Enerji və İqtisadiyyat Forumu"nun açılışında danışan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

 

Türkiyənin dünyada 2002-ci ildən bu yana elektrik və təbii qaza olan tələbatının artımına görə, Çindən sonra ikinci olduğunu deyən baş nazir Türkiyənin dünyanın kəşf olunmuş enerji ehtiyatlarının 65 faizinin yaxınlığında yerləşdiyini ifadə edib: "Ölkəmiz enerji ehtiyatları ilə zəngin olan Xəzər bölgəsi, Orta Asiya və Orta Şərq ilə enerji istehlakçısı Avropa arasında həm körpü, həm də bir terminal olmaq xüsusiyyətini daşıyır. Aktiv bir şəkildə həm ölkəmizin, həm də bölgəmizin enerji təhlükəsizliyini təmin etmək üçün çoxşaxəli enerji siyasətini izləyir, həm də əhəmiyyətli qaz və neft tranzit layihələrinin inkişaf etdirilməsində öndə olmaq üçün səy göstəririk".

 

Bakı-Tiblisi-Ceyhan neft ixrac boru xəttinin 2006-cı ilin may ayında istifadəyə verildiyini xatırladan R.T.Ərdoğan, şərq-qərb enerji koridorunun ikinci xətti olan Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin yalnız Türkiyənin daxili təbii qaz tələbatının ödənilməsi üçün deyil, eyni zamanda Avropa Birliyinin sürətlə artan qaz ehtiyacının bir qisminin ödənilməsi baxımından da böyük əhəmiyyət daşıdığını bildirib. R.T.Ərdoğan söyləyib ki, Yunanıstan-İtaliya qaz boru xəttinin 2012-ci ildə tamamlanması ilə Xəzər qazının Mərkəzi Avropaya qədər nəql olunması təmin ediləcək: ""Nabucco" layihəsi ilə bağlı hökümətlərarası razılaşmanı 13 İyul 2009-cu ildə imzaladıq. Eyni zamanda "Nabucco" layihəsinə dəstək razılaşmalarının bu il oktyabr ayı ərzində imzalanması planlaşdırılır. İllik təxminən 31 milyard kubmetrlik tutuma malik olacaq boru xətti lahiyəsi Avropa Komissiyası tərəfindən dəstəklənir. Layihə icrasını gözləyir. Bir çox mərhələsi tamamlanan "Nabucco" ortaya atılmış digər oxşar layihələr arasında ən öndə olanıdır".

 

Qeyd edək ki, "Nabucco" qaz kəməri Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan qaz kəməri layihəsidir. Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyanın Türkmənistan, İraq və Azərbaycan qazı ilə təmin olunmasını nəzərdə tutan təbii qaz boru xətti layihəsinin icrasında hələ ki ciddi irəliləyiş müşahidə edilmir. Burada başlıca əngəl Avropa qaz bazarını monopoliyaya almaq istəyən Rusiya hesab edilir.

 

"Nabucco" təbii qaz boru xətti ilə illik minimum 25, maksimum 31 milyard kubmetr qazın nəqli nəzərdə tutulur. Layihənin maya dəyəri təxminən 8 milyard dollardır. "Nabucco" kəmərinin çəkilişinə 2011-ci ildə başlanması nəzərdə tutulub. İlk tədarükə 2014-cü ildə start veriləcək. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Almaniyanın RWE qaz şirkəti 5 fevral 2008-də Vyanada təşkil olunan iclasda "Nabucco"nun altıncı ortağı olub. Həmçinin, Fransa şirkəti "Gas da France" də bu layihəyə qoşulmaq istəyindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...