İraqın Baş nazirindən xaos xəbərdarlığı

İraqın Baş nazirindən xaos xəbərdarlığı

İraqın Kürd muxtariyyətində müstəqillik haqqında referendum regionda xaosa səbəb olacaq. Bunu İraqın Baş naziri Heydər əl-Abadi bəyan edib. İraq mətbuatının verdiyi məlumata görə, baş nazir bildirib ki, referendum İraqın dövlət sərhədlərinin dəyişdirilməsi deməkdir, bu isə ölkə üçün qəbuledilməzdir.

Baş nazirin sözlərinə görə, Ərbilin müstəqilliyi haqqında referendum birtərəfli qaydada keçirilə bilməz.

Qeyd edək ki, Şimali İraq Kürd muxtariyyətinin müstəqilliyi barədə referendum sentyabrın 25-ə təyin olunub.

İraqın kürd administrasiyası sentyabrın 25-də keçiriləcəyini elan etdiyi referendumla bağlı səsvermə bülletenlərini 3 dildə çap edib.

Türkiyənin etirazlarına rəğmən kürdcə, ərəbcə və türkmənlər üçün türkcə çap edilən bülletenlərdə "Kürdüstan bölgəsini və münaqişəli əraziləri də özündə ehtiva edən müstəqil Kürdüstan dövlətinin qurulmasını istəyirsinizmi?" sözləri qeyd olunub.

Qeyd edək ki, "münaqişəli ərazilər" dedikdə administrasiya Kərkükü də nəzərdə tutur.

Bülletenlərin altında İraq bayrağının olduğu hissəyə "Xeyir", kürd administrasiyasının bayrağının olduğu hissəyə isə "Bəli" işarəsi qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə