Ermənilər İran vitse-prezidentinin açıqlamasından narahat olub

Ermənilər İran vitse-prezidentinin açıqlamasından narahat olub

İran prezidentinin müavini Seyid Məhəmmədrza Mirtacəddinin Tehran Universitetində "Azərbaycan Respublikası: keçmiş təcrübələr və gələcək prespektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda dediyi sözlər Ermənistanda ciddi narahatlıq doğurub. SİA-nın məlumatına görə, İran rəsmisinin "İranla Azərbaycanın müştərək deyil, birgə tarixi var. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün, eləcə də Dağlıq Qarabağ məsələsinin həlli yolunda bu qardaş ölkəni dəstəkləmək üçün İrana əsas verir", deməsindən sonra erməni tərəfi hesab edir ki, Ermənistan bu açıqlama ilə bağlı izahat tələb etməlidir.

 

Qeyd edək ki, sözügedən konfransda çıxış edən Seyid Məhəmmədrza Mirtacəddi Azərbaycanla İran arasındakı tarixi bağlılıqları İraqla, Əfqanıstanla, Pakistanla və digər ölkələrlə olan münasibətlərlə müqayisə edilmədiyini bildirib. O, Dağlıq Qarabağ məsələsinin onun ölkəsini də narahat etdiyini deyib: "Biz Azərbaycanı dəstəkləyirik və işğal olunmuş torpaqların azad edilməsinin vacibliyini vurğulayırıq. İran Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanı həmişə dəstəkləyəcək".

 

Ermənistan "İrs" partiyasından olan millət vəkili Armen Martirosyan Qarabağ sülh prosesində İranın həmişə tarazlaşdırmış mövqedən çıxış etdiyi bildirib. İran rəsmisinin "İran əvvəllər də Azərbaycanı dəstəkləyib və dəstəkləməyə davam edəcək" sözlərini xatırladan erməni millət vəkili bəyanatın rəsmi Tehranın mövqeyi olmadığını istisna etmədiyini də dilə gətirib. A.Martirosyanın fikrincə, Azərbaycanın Rusiyadan alacağı "S-300" zenit-raket kompleksinin iki batereyası Ermənistana deyil, İrana qarşı yönəlib: "İran yadda saxlamalıdır ki, Azərbaycan Rusiyadan "S 300" müdafiə sistemini almaq niyyətindədir. Aydındır ki, bu sistemlərdən Ermənistana qarşı istifadə edilməyəcək. Çünki, Ermənistan Azərbaycana hücum etmək niyyətində deyil. Tehran bu faktoru lazımi qədər qiymətləndirməlidir".

 

"Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycan-İran birgə konfransda səsləndirilən fikirlərə görə, izahat tələb etməlidir". Belə bir açıqlama ilə "İnkişaf edən Ermənistan Partiyası"sından olan millət vəkili Naira Zöhrabyan çıxış edib. "Tehranın izahı çox vacibdir, çünki Ermənistan İranı həmişə dost ölkə hesab etmişdir, İran da həmişə Dağlıq Qarabağ probleminə tarazlaşdırılmış mövqedən çıxış etmişdir" deyən Zöhrabyan hesab edir ki, yüksək vəzifəli İran məmurları tərəfindən verilən bəyanatlar güclü cavablar tələb edir.

 

Respublika Partiyasının sədr müavini Qalust Saakyan isə bildirib ki, İran indi çətin vəziyyətdədir və rəsmi Tehranın bəyanatlarının çoxuna bu kontekstdən baxılmalıdır: "Bu fakt lazımi qədər qiymətləndirməlidir. İran Azərbaycan və ya Türkiyə ilə mehriban əlaqələri rədd etmək üçün heç imkana malik deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə