Fələstin-İsrail sülh danışıqlarının üçüncü mərhələsi başlasa da...
ABŞ prezidenti Barak Obamanın səyləri ilə 2 Sentyabr tarixində Vaşinqtonda başlayan İsrail-Fələstin sülh danışıqlarının 3-cü mərhələsi Qüdsdə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, danışıqlarda vasitəçi qismində ABŞ xarici işlər xaziri Hillari Klinton iştirak edir.
Fələstin tərəfi danışıqların davamı üçün Qərb Şeria və Qüdsdəki yəhudi yaşayış məskənlərinin inşasının dayandırılmasını, İsrail isə İsrailin bir yəhudi dövləti olaraq tanınmasını şərt kimi irəli sürür. Benyamin Netanyahunun baş nazirlik kreslosuna oturmasından sonra ilk dəfə Qüdsə gələn Fələstin dövlət başçısı Mahmud Abbas dünən Klinton və Netanyahu ilə bir araya gəldi. Üçtərəfli görüşdən əvvəl İsrail prezidenti Şimon Perezlə görüşən H.Klinton tərəflərin danışıqlarda çox ciddi olduqlarını və əhəmiyyətli məsələlərin müzakirəsinə başladıqlarını söyləyib.
Kiçik bir qığılcımın belə tərəflərin danışıqlar masasından qalxmasına səbəb olacağı görüşdə Fələstin tərəfi yəhudilər üçün tək bir binanın tikilməsi halında belə prosesin sona çatacağını vurğulayır. ABŞ da Fələstinin xəbərdarlığının fərqində olaraq İsrailin bu ay sonunda sona çatacaq yeni məskunlaşma məskənlərinin inşasının dondurma müddətinin uzadılmasını istəyir. Lakin keçən bazar günü Qüds bələdiyyəsinin Şərqi Qüdsdə 1362 yeni yaşayış binasının inşasına başlayacağı ilə bağlı müzakirələrin aparılacağını deməsi göstərir ki, danışıqların üstündə "Demokl qılıncı" asılıb.
Fələstin tərəfi gələcək müstəqil Fələstin dövlətinin paytaxtı olmasını istədiyi Qüdsün statusunun tezliklə təyin olunmasını, sayı 5 milyonu keçən fələstinli qaçqınların gələcək taleyinin müzakirə edilməsini və sərhədlərin müəyyən olunması kimi məsələlərin həll olunmasını istəyir. İsrailin istəkləri arasında isə yəhudi yaşayış məskənlərinin qorunması, Qüdsün Fələstinə verilməməsi ya da beynəlxalq bir mexanizm tərəfindən idarə olunması kimi məsələlər var. İsrailin bu istəklərini isə Fələstin heç bir halda qəbul etmək istəmir. Bütün bunlarla yanaşı sülh prosesinin əleyhinə olan Həmas və yəhudi yaşayış məskənlərinin tikilməsini davam etməsini istəyənlər sülhə ümidləri azaldır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB