Fransada üzü örtən geyim qadağan edildi

Fransada üzü örtən geyim qadağan edildi

Fransada üzü örtən geyimin ictimaiyyət üçün açıq yerlərdə qadağan edilməsini nəzərdə tutan qanun layihəsi Senat tərəfindən qəbul edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Senatdakı səsvermədə 246 senator qanun layihəsinin lehinə, 1-i isə əleyhinə olub. Dövlət Şurası hökumətə etdiyi çağırışda qadağanın bütün cəmiyyətə açıq yerləri əhatə etməməsi xəbərdarlığı etmişdi. Hüquq müdafiəçiləri qanunun Konstitusiya Məhkəməsi və Avropa İnsan Haqqları Məhkəməsi prinsiplərinə zidd olacağı ilə bağlı narahatlığını bildirirlər.

 

Qanun cəmiyyətə açıq yerlərdə üzü örtən geyimdən istifadə edənlərə 150 avro, bu geyimdən istifadə üçün təzyiq edənlərə isə bir il həbs və ya 30 min avroya qədər pul cəzası nəzərdə tutur. Daha əvvəllər bu pul cəzasının 15 min avro olacağı deyilirdi. Əgər təzyiq edilən şəxsin yaşı 18-dən azdırsa, bu pozuntuya görə veriləcək cəza iki dəfə artırıla bilər. Sağlamlığına görə üzünü örtmək məcburiyyətində qalanlara, eyni zamanda karnaval, bayram və bu kimi tədbirlərdə üzü bağlayan geyimlərə qadağa tətbiq olunmayacaq.

 

Qanun təsdiqləndikdən sonra dərhal qüvvəyə girməyəcək və cəmiyyətdə altı aylıq maarfləndirmə kampaniyası təşkil olunacaq. Fransada irqçilik və xarici düşmənçiliyə qarşı mübarizə dərnəkləri də bu qanunu kəskin qınayıb. Fransada təxminən 2 minə qədər qadının sözügedən geyimdən istifadə etdiyi təxmin edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə