“Röyters”: “ABŞ-ın 60 milyard dollarlıq silah satışı dəqiqləşdi” - FAKT

ABŞ prezidenti Barak Obama yaxın günlərdə Səudiyyə Ərəbistanına 60 milyard dollarlıq silah satışı ilə əlaqədar Konqresi məlumatlandıracaq. SİA-nın "Röyters" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ silah satışı ilə İranın bölgədə artmaqda olan gücünü zərərsizləşdirmək istəyir.

 

Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən yüksək səviyyə səlahiyyətlisi Səudiyyə Ərəbistanının hava qüvvələrini yeniləmək üçün ilk mərhələdə 30 milyard dollarlıq silah satılacağını, bu rəqəmin müəyyən bir müddət ərzində iki dəfəyə kimi artacağını bildirib. Son rəqəmin hələ də dəqiqləşdirilmədiyi deyilir.

 

Razılaşma çərçivəsində Səudiyyə Ərəbistanına 84 ədəd yeni "F-15" döyüş təyyarəsi, "Boeing"in istehsalı olan 70 ədəd "Apache" hücum vertolyotu və 36 ədəd "AH-6IM Little Birds"in satılması nəzərdə tutulur. Bundan əlavə "Sikorsky" şirkətinin istehsal etdiyi "Black Hawk" vertolyotlarından 72 ədədin satılması planlaşdırılır.

 

Yeni Amerika Təhlükəsizlik Mərkəzinin ekspertlərindən biri Andrev Eksum "bu nəhəng bir satış" deyərək eyni zamanda silah satışı razılaşmasının ABŞ müdafiə sənayesinin inkişafı baxımından da faydalı olacağını bildirib. O, qeyd edib ki, ABŞ-ın burada nə etmək istədiyi ortadadır: "ABŞ bölgədəki ortaqlarımızla birlikdə İranı zərərsizləşdirməyə çalışır".

 

Müdafiə Nazirliyinin rəsmisi silah satışı təklifinin Konqresdə etirazla qarşılaşacağını gözləmədiklərini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə