Rusiya 2008-ci ildəki Gürcüstan müharibəsi zamanı ortaya çıxan kəşfiyyat çatışmazlığını aradan qaldırmaq üçün İsraildən pilotsuz kəşfiyyat təyyarələri olan "Heron"ları alacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, iki ölkə arasında imzalanan hərbi əməkdaşlıq razılaşmasına görə Rusiya İsraildən daha əvvəl alınan 12 "Heron"a bu ilin sonuna qədər daha 36-nı əlavə edəcək. İki ölkə 300 milyon dollarlıq investisiya ilə birgə kəşfiyyat təyyarələri istehsal etməyi planlaşdırır.
Qeyd edək ki, Rusiya 2009-cu ilin aprel ayında imzalanan razılaşma çərçivəsində İsraildən 53 milyon dollar dəyərində olan12 ədəd "Heron" alıb. İlin sonuna kimi alınması nəzərdə tutulan 36 təyyarənin dəyəri isə 100 milyon dollardır. İki il əvvəlki Rusiya-Gürcüstan müharibəsi zamanı isə rus hərbi qüvvələri lazımı kəşfiyyat məlumatları toplaya bilmədiyinə görə tənqid olunmuşdu. Rusiya sərhədlərinin qorunması üçün ən az 100 ədəd pilotsuz kəşfiyyat təyyarəsinin və 10 ədəd idarə mərkəzinin qurulmasının lazım olduğu deyilir.
Rusiyanın İran və Suriya kimi Orta Şərq ölkələrinə silah satmasına mane olmağa çalışan İsrail Moskva ilə hərbi əməkdaşlığı gücləndirir. İsrail ilə hərbi və texnologiya sahəsində işbirliyini nəzərdə tutan Rusiya pilotsuz kəşfiyyat təyyarələri ilə bağlı birgə investisiyalar yatırmağı da nəzərdə tutur.
Moskvada iki günlük rəsmi səfərdə olan İsrailin müdafiə naziri Ehud Barak rusiyalı həmkarı Anatoli Serdyukovla hərbi əməkdaşlıq müqaviləsini imzalayıb. İsrail istehsalı olan daha çox silah və texnologiya alacaqlarını deyən rusiyalı nazir Rusiya ordusunun modernləşdirilməsində İsrailin təcrübələrindən faydalanmaq istədiklərini bildirib. Rusiya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiklərini ifadə edən Ehud Barak İsrail mövcud olduğuna görə Rusiyaya borclu olduğunu deyib: "Rusiyaya İkinci Dünya Müharibəsində faşizmə qarşı apardığı mübarizəyə görə təşəkkür edirəm. Qızıl Ordu faşist Almaniyasını məğlub etməsəydi, bu gün İsrail dövləti olmazdı".
İsrailli nazirin Rusiya səfərini şərh edən "Haaretz" qəzeti Rusiyanın Suriyaya inkişaf etmiş "P-800 Yakhont" raketlərini satmayacağı ilə bağlı iddiaları təsdiq etmədiyini yazıb. Kremlin məsləhətçisi Sergey Prikodko məsələ ilə bağlı verdiyi açıqlamada qeyd edib ki, Rusiya beynəlxalq razılaşmalardan qaynaqlanan məsuliyyətini yerinə yetirməyə davam edəcək. O, Suriya ilə mövcud hərbi əməkdaşlığı dayandıracaq hansısa planlarının olmadığını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB