Nyu-yorklular Dünya Ticarət Mərkəzinin yerində məscidin tikilməsinə qarşı çıxır
ABŞ-ın Nyu-York şəhərinin sakinləri 2001-ci il sentyabr ayının 11-də dağıdılan Dünya Ticarət Mərkəzinin yerində məscidin tikilməsinə qarşıdır. SİA-nın məlumatına görə, "New York Times"in keçirdiyi sorğunun nəticələrindən belə məlum olur ki, şəhər sakinlərinin 2/3 məscidin başqa bir yerdə tikilməsini istəyir. 11 Sentyabrdan doqquz il sonra gündəmə gələn məscid layihəsi ABŞ-ın ən böyük və əhalisi ən sıx olan bir şəhərdə insanların əksəriyyətinin islama münasibətinin o qədər də yaxşı olmadığını ortaya çıxarıb.
Respondentlərin 20 faizi müsəlmanlara qarşı düşmən mövqedə olduğunu bildirib. Sorğu iştirakçıların 33 faizi müsəlmanların terrorçulara digər ABŞ vətəndaşları ilə müqayisədə simpatiya nümayiş etdirdiyini söyləyib. Təxminən 60 faiz insan isə 11 Sentyabr hadisələrinə görə müsəlmanlara mənfi münasibət bəsləyən yaxınlarının olduğunu ifadə edib.
Sorğuya qatılanların 50 faizi Dünya Ticarət Mərkəzinin yerində məscidin tikilməsinə qarşı olduqlarını ifadə etsə də, əksəriyyəti təşkilatçıların belə bir layihəni həyata keçirməyə haqlarının olduğunu qeyd edib. Sorğunun nəticələri layihənin ən güclü tərəfdarlarından olan şəhərin bələdiyyə başçısı Mixael Bloombergin ictimaiyyəti məsələ ilə bağlı bir araya gətirməkdə uğursuzluqla qarşılaşdığını ortaya çıxarıb. Sorğu iştirakçıların mövzu ilə əlaqədar mövqeyi onların şəxsi həyatını da göstərir. Daha əvvəllər məscidlərə gedən və ya müsəlman yaxınları olanlar layihəni dəstəklədiyi halda, islam dünyası ilə əlaqəsi olmayanlar daha mənfi münasibət sərgiləyib.
Sakinlərin məsələyə münasibətinin onların gəlirləri ilə əlaqəsi olduğunu da üzə çıxarıb. Gəliri 100 min dollardan çox olanların 53 faizi məscidin həmin ərazidə tikilməsinin tərəfdarıdır. 50 min dollardan az qazananların isə yalnız 31 faizi layihəni dəstəkləyib. Protestantların yarısı layihəyə dəstək verdiyi halda, katoliklər və yəhudilərin çoxu buna qarşı çıxıb.
Məsələyə münasibətdə yaş da önəmli rol oynayıb. Yaşı 45-dən az olanların 42 faizi müsbət, 43 faizi isə mənfi cavab verdiyi halda, yaşı 45-dən çox olanların təxminən 60 faizi mənfi cavab verib. İştirakçıların siyasi fikirləri də verdikləri cavablara əhəmiyyətli təsir göstərib. Respublikaçıların 74 faizi layihəyə "xeyr" dediyi halda, demokratların verdiyi "bəli" və "xeyr" cavabları müvafiq olaraq 43 və 44 faiz olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB