Bu döyüşün sonu varmı?

Meksikada narkotika şəbəkəsi tamamilə nəzarətdən çıxıb. Hər gün kütləvi qətllər törədilir, dövlət məmurlarına sui-qəsdlər təşkil edilir. Meksikanın tarixindəki ən böyük ictimai problemi halına gələn narkotik şəbəkələri son dörd ildə 28 min insanın ölümünə səbəb olub. Faciə hələ də davam edir. SİA-nın məlumatına görə, "Los Angeles Times" qəzeti narkotik şəbəkəsinin Meksikada güclənməsinin iki təməl səbəbinin olduğunu yazıb. Bunlardan biri Latın Amerikada narkotika ticarətinə nəzarət edən iki kolumbiyalı narkobaron Kali və Medellinin 1990-cı illərdə ortadan qalxmasıdır. Bir-birlərinə rəqib olan bu şəxslər dövlət içindəki adamlarının onlardan üz çevirməsi ilə çökmüşdü. İkinci səbəb isə ABŞ-ın şərqində yerləşən Florida ştatına narkotika yolun bağlaması oldu. Hər iki səbəbdən sonra Meksikada işsizlik və sui-istifadə kimi faktorlarla getdikcə güc qazanan narkobaronlar şəbəkəsi ABŞ ilə 3169 km uzunluğunda sərhədi olan Meksikanı bir narkotika şəbəkəsi halına gətirdi.

 

Meksika hökuməti hal-hazırda şəbəkənin yeddi rəhbəri ilə döyüşür. ABŞ Milli Narkotik Kəşfiyyat Mərkəzinin məlumatına görə, onlar ABŞ-dakı qeyri-qanuni topdan narkotik satışına bütünlüklə nəzarət edir. 2008-ci ildə Beynəlxalq Narkotika İdarəsinin Strateji Hesabatına görə, ABŞ-a daxil olan narkotikanın 90 faizi Meksikadan gəlir. ABŞ Konqressi Araşdırmalar Mərkəzinin 2007-ci ilin hesabatında isə, şəbəkənin bu ticarətdən illik 13,6-48,4 milyard dollar arası gəlir əldə etdiyi qeyd edilib.

 

Meksika prezidenti Felipe Kalderon seçildiyi 2006-cı ildə qarşısını polis və məhkəmə ilə kəsə bilməyəcəyini anladığı şəbəkəyə qarşı müharibə elan etdi. etdi. Həmin ilin dekabr ayında şəbəkənin "qızıl üçbucaq əyalətləri" olaraq bilinən Çihuahua, Duranqo və Sinaloa ilə birlikdə doqquz əyalətdə 36 min əsgər göndərildi. Ələ keçirilən cinayətkarlar ABŞ-a təslim edildi, narkotika yetişdirilən ərazilər və laboratoriyalar məhv edildi, Meksika və ABŞ federal təşkilatlar arasında əməkdaşlıq quruldu və mühakimə müddətindəki prosesi qısaldan qanunlar qəbul etdi.

 

Meksika hökumətinin narkotika şəbəkəsinin liderlərini ələ keçirməsi və ya öldürməsi ABŞ-a gedən ticarət yolları üçün aparılan əməliyyatların daha da genişlənməsinə və kütləvi cinayətlərin artmasına səbəb oldu. Şəbəkə xalqın canına qorxu salmaq üçün kirayəlik qatillərdən ibarət olan şəbəkələrdən istifadə etməyə başladı. Narkotika şəbəkəsinin liderləri böyük maliyyə güclərindən narkotika qaçaqçılığına qarşı mübarizə aparanların susması üçün istifadə edir. Onlar polis və məhkəmə sistemindəki sui-istifadələrdən faydalanır. Narkotika iddialarına baxan hakimlərin bir çoxu da hədələrlə susdurulur.

 

"Los Angeles Times" qəzetinin yazdığı rəqəmlərə görə, narkotika şəbəkələri ilə döyüşlərdə 2007-ci il yanvar ayından 31 Avqust 2010-cu ilə kimi 28228 insan ölüb. Dövlət əməliyyatların başlandığı gündən indiyə kimi 18 əyalətə 45 min əsgər və beş min polis göndərib. Ekspertlər ABŞ və Meksikanın sərhəd bölgələrində silah və narkotik ticarətini nəzarətə almaq üçün iki ölkənin əməkdaşlığını yeganə çıxış yolu olaraq görür. Ancaq Meksika cəmiyyəti bu mübarizənin nəticə verəcəyinə ümidlə baxmır. 2008-ci ildə ölkədə aparılan sorğuya görə, əhalinin 53 faizi mübarizənin uduzduğunu düşünür. ABŞ səlahiyyətliləri isə narkotika şəbəkəsinin keçdikcə güc itirdiyini iddia edir.

Bütün xəbərlər Facebook səhifəmizdə