Autizm sindromu uşaqlardan öncə valideynlər üçün bir imtahandır

Autizm sindromu uşaqlardan öncə valideynlər üçün bir imtahandır

"Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi" (ADPYM) İctimai Birliyi 2 aprel - Dünya Autizm Məlumatlandırma Günü münasibətilə tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bildirib ki, bu İctimai Birliyin yaranmasının cəmiyyətimizin autizm sindromu barədə məlumatlandırılmasında çox böyük rolu var. Qeyd olunub ki, son illərdə autizm bütün dünyada olduğu kimi, Azərbaycanın da diqqəti özünə çəkə bilib. Bu sindrom uşaqlardan öncə valideynlər üçün bir imtahandır. Autizmi tanıdıqdan sonra dövlətimiz tərəfindən də bu sindromdan əziyyət çəkənlərə çox böyük diqqət göstərilir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Qənirə Paşayeva deyib ki, dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da bu sindromla doğulan uşaqların sayı artmaqdadır. Vurğulanıb ki, bu problemin həllinə diqqətin yönəldilməsi çox vacibdir. Autizm sindromundan əziyyət çəkən uşaqlarla yanaşı, valideynlərə də dəstək göstərilməlidir. Bu məsələ ilə bağlı proqramların hazırlanması, mərkəzin yaradılması, cəmiyyətin maarifləndirilməsi mühüm məsələlərdəndir. Biz cəmiyyət olaraq bu məsələyə baxışımızı dəyişməliyik və bu, kompleks şəkildə həyata keçirilməlidir. Ölkəmizdə sözügedən sindrom üzrə mütəxəssislərin yetişdirilməsinə çox böyük ehtiyac var. Dünyada autizm sindromlu uşaqlar tamhüquqlu şəxs olaraq yetişir və normal insanlardan seçilmirlər. Ölkəmizdə də buna nail olmaq üçün autizm sindromlu uşaqların təhsilə cəlb edilməsi çox vacib məsələrdəndir.

Digər çıxış edənlər də bu sindrom haqqında danışıblar. Bildirilib ki, XXI əsrin qlobal problemi hesab edilən autizm ölkəmizdə də aktual mövzulardan biridir. Aparılmış tədqiqatlara görə, dünya əhalisinin 1 faizi - yəni, təxminən 70 milyon insan autizmin qurbanıdır. Qeyri-rəsmi statistikaya əsasən ölkəmizdə təxminən 5 minə yaxın uşaq və yeniyetmə bu sindromdan əziyyət çəkir.

Sonda autizmli uşaqların problemlərini cəmiyyətə çatdırılmasına kömək göstərənlər diplomlarla təltif olunublar. Təltif edilənlər arasında AZƏRTAC-ın müxbiri də var.

Bu gün münasibətilə "Mavi işıqla işıqlandır" aksiyasına dünyanın bir sıra şəhərləri kimi, Bakı da qoşulur. Bu aksiya getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında əhalinin məlumatını artırmağa yönəlmiş qlobal təşəbbüsdür. Məqsəd insanlar arasında maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətlərinin yaxşılaşdırılmasına kömək etməkdir. İlk dəfə 2010-cu ildə ABŞ-da həyata keçirilən bu aksiyaya hazırda 146 ölkə və 650 şəhər qoşulub. Bu gün münasibətilə ölkəmizin bir sıra möhtəşəm tikililəri mavi rənglə işıqlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə