Obama və Merkel Rusiyanı qınadılar

Obama və Merkel Rusiyanı qınadılar

Ağ Evdən verilən məlumata görə, Obama və Merkel Suriyadakı son proseslər və Ukraynadakı mövcud vəziyyəti müzakirə etmək üçün telefonda danışıblar. SİA-nın xəbərinə görə, onlar Rusiya və Suriya hökumətinin yarısı uşaqlardan ibarət yüz minlərlə vətəndaşının yaşadığı Hələbdəki hücumlarını kəskin şəkildə qınadıqlarını dilə gətiriblər.

Liderlər Suriyadakı qarşıdurmaların sona çatdırılması və mühasirə altındakı bölgələrə Birləşmiş Millətlər Təşkilatının humanitar yardımlarının göndərilməsiylə bağlı Rusiya və Suriyanın xüsusi məsuliyyət daşıdığını söyləyiblər.

Sonra Ukrayna məsələsinə toxunan Obama Almaniya və Fransanın rəhbərliyilə Rusiya və Ukraynanın da daxil olduğu Normandiya Dördlüyünün mövcud səylərini dəstəklədiyini bildirib.

Almaniya kansleri Merkel Rusiya prezidenti Vladimir Putinə də zəng edərək Ukrayna və Suriya məsələlərini müzakirə edib.

Kremlin Mətbuat Mərkəzindən verilən məlumata görə, Putin və Merkel Ukraynanın şərqindəki son vəziyyət və Minsk razılaşması çərçivəsində davam edən proseslərdən danışıblar. Suriya mövzusuna gəlincə, Putin ABŞ-ın Suriyadakı müxalifəti terrorçu qruplardan ayrı hesab etməsini lazım bildiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə