Avropalılar Avropa İttifaqına qarşı

Avropalılar Avropa İttifaqına qarşı

Böyük Britaniyada ölkənin Avropa İttifaqından çıxması barədə iyunun 23-də keçiriləcək referenduma bir neçə həftə qalmış aparılan çoxsaylı ictimai rəy sorğularının nəticələri avropalıların "breksiti" (Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını) istəmədiklərini və Aİ-yə getdikcə daha çox tənqidi yanaşdıqlarını göstərib. Euronews telekanalı xəbər verir ki, fikirlər ölkədən asılı olaraq dəyişir. Belə ki, Brüssellə Avropa İttifaqına skeptik yanaşan hökumətlər arasında fikir ayrılıqlarına baxmayaraq, Polşa və Macarıstan vətəndaşları Aİ-yə daha loyal münasibət bəsləyirlər (müvafiq olaraq 72 faiz və 61 faiz). Avropa İttifaqına daha çox skeptik yanaşanlar isə kəskin böhran yaşayan Yunanıstan sakinləridir. Burada əhalinin cəmi 27 faizi İttifaqa müsbət rəy verib. İspaniya, Almaniya və Niderlandda səslər təxminən bərabər bölünüb. Fransa isə Avropa skeptiklərinin sayına görə tədqiqatların keçirildiyi 10 ölkə arasında 2-ci yerdə qərarlaşıb.

Fransa, Lüksemburq və Çexiyada respondentlərin 60 faizi, İrlandiyada rəyi soruşulanların 70 faizi, Almaniyada isə demək olar ki, əhalinin 80 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasını arzulayır. Britaniyanın referendumda iştirak etmək istəyən əhalisinin 41 faizi ölkələrinin Avropa İttifaqının tərkibində qalmasını, 43 faizi isə "breksiti" dəstəkləyir. Sorğuda iştirak edənlərin 16 faizi isə fikirlərini hələ dəqiqləşdirməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə