Yaponiyanın cənub-qərbində yerləşən Fukuoka şəhərinin küçələrində yaranan sirli köpüyün yanğınsöndürmə vasitəsi olduğu və şənbə günü gecə xüsusi çəndən axdığı müəyyən edilib. Bu barədə Fukuoka prefekturası yanğınsöndürmə idarəsinin hesabatında məlumat verilib.

Hadisə Yaponiyanın cənub-qərbində üç gündür davam edən silsilə yeraltı təkanlar nəticəsində baş verib. Yanğınsöndürmə üçün nəzərdə tutulan qarışığın saxlandığı çəndə yaranan çat nəticəsində maye küçəyə axıb. Hadisə yerindən həvəskar fotoqrafların çəkib sosial şəbəkələrdə paylaşdığı şəkillər sürətlə yayılaraq müəyyən hay-küyə səbəb olub. Sosial şəbəkələrdən istifadə edənlərin bir çoxunun hadisənin yeri və səbəbləri barədə məlumat yazmaması bunun kütləvi hal alması barədə təsəvvür yaradıb. Bəzi kütləvi-informasiya vasitələri də məlumatı dəqiqləşdirmədən yayıblar.

İstifadəçilər tərəfindən bu məlumatın belə hay-küylə qarşılanacağını gözləməyən "xəbərin" ilk müəllifi artıq dəfələrlə hərəkətinə görə üzr istəyib.

Xəbər verdiyimiz kimi, son günlər Yaponiyanın cənub-qərbini silkələyən zəlzələr hələ də davam edir. Təbii fəlakət nəticəsində 41 nəfər həlak olub, 2 mindən çoxu isə xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə