Davudoğlundan müsəlman dünyasına ÇAĞIRIŞ

Davudoğlundan müsəlman dünyasına ÇAĞIRIŞ

"Müsəlman ölkələri terrora qarşı birgə mübarizə aparmalıdır". SİA-nın xəbərinə görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən XII zirvə toplantısında çıxışı zamanı deyib.

O, çıxışı zamanı İslam ölkələrinin iqtisadi əməkdaşlığının gücləndirilməsinin, işğal altında olan müsəlman torpaqlarına qarşı həssaslıqla yanaşılmanın vacibliyini vurğulayıb: "İŞİD kimi axınlara qarşı mesajımızı yüksəltməliyik. İçimizdə gərginlik yaşansa belə, İslam dünyasının Liderləri olaraq dinimizin barış mesajını ən yaxşı şəkildə çatdırmalı, ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmalıyıq. İslam inancı hər cür terror qarşısında birləşməlidir. Bu gün dünyada İslam dini ilə əlaqədar mənfi fikirlər formalaşmaqdadır. İslamofobiya müsəlmanların səhv başa düşülməsinə gətirib çıxaran bir atmosfer yaradır. Siyasi məsələlərdə fərqli fikirlər yürüdə bilərik. Lakin humanitar məsələlərdə eyni mövqedən çıxış etməliyik".

Baş nazir çıxışı zamanı diqqəti qaçqın və məcburi köçkünlərlə bağlı problemlərə də yönəldib: "Suriyada baş verənlərlə bağlı eyni mövqedən çıxış etməliyik. Bu gün Türkiyədə Suriyadan gələn 2.7 milyon qaçqın və məcburi köçkün var. Bu, əsas problemlərdən biridir. Qaçqın və məcburi köçkünlərə, Afrikada aclıqdan, iqlim dəyişikliyindən əziyyət çəkən dost və qardaşlara yardım məsələsində bir olmalı, onlara əlimizdən gələni etməliyik".

Davudoğlu bütün müsəlman dünyasına səslənərək hər kəsi İstanbulda baş tutacaq Dünya Humanitar Zirvə toplantısına dəvət edib: "Humanitar məsələlərdə hər kəsdən öncə İslam cəmiyyətləri önə çıxmalıdır. Yüksək səviyyəli dialoqa əhəmiyyət vermək məcburiyyətindəyik. İslam dünyasının problemləri haqqında danışılan zaman onların həllinə çalışmalı və bu istiqamətdə səylərimizi birləşdirməliyik. Siyasi fikir ayrılıqlarımızı kənara buraxaraq, İslam dünyasının problemlərini ələ almaq məcburiyyətindəyik. İslam dünyasını parçalama təşəbbüslərinə qarşı ortaq çıxış etməliyik. Başda Fələstin olmaqla, işğal altındakı bütün müsəlman torpaqları ilə bağlı problemin həllində birgə fəaliyyət göstərməliyik. Azərbaycanın işğal altındakı torpaqları, Krımın Rusiya tərəfindən işğal edilməsi mövzusunda hamımız bir olmalı, onların işğaldan azad edilməsi ilə əlaqədar birgə mübarizə aparmalıyıq".

Türkiyənin Baş naziri söyləyib ki, müxtəlif ölkələrdə yaşayan müsəlman cəmiyyətlərin hüquqlarının qorunması istiqamətində sülh təşəbbüslərimizi artırmalıyıq: "Müsəlman azlıqlarla bağlı problemlərin olduğunu bilirik. İqtisadi əməkdaşlıq mövzusunda ortaq bir forum nümayiş etdirməliyik. İslam ölkələrinin öz aralarındakı iqtisadi əməkdaşlıq istədiyimiz səviyyədə deyil. İslam ölkələri arasında əməkdaşlıq sülh üçün önəmlidir. Hazırda İslam dünyasında məzhəb, etnik qarşıdurmaları, terror hadisələrinin yaşandığını görürük. Bununla bağlı üzərimizə ağır məsuliyyət düşür. Qarşıdakı fəaliyyətlərimizin əsasını İslam mədəniyyət inancının dünyada ən yaxşı şəkildə qəbul edilməsi, müsəlmanların hüququnun qorunması, terrora qarşı birgə mübarizə və bütün vətəndaşlarımızın dünyada sülh içində yaşaması ilə olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə