BMT buna son qoymağa çağırır

BMT buna son qoymağa çağırır

BMT-nin Nyu-Yorkdakı qərargahında qadınların vəziyyəti üzrə Komissiyanın 60-cı sessiyasında qadınların və kişilərin əməyin ödənilməsində qeyri-bərabərliyin aradan qaldırılmasına həsr edilmiş iclas keçirilib. Məşhur futbolçu qadın Ebbi Vambaxın da iştirak etdiyi iclasda qeyd olunub ki, bir sıra ölkələrdə eyni işin görülməsi müqabilində qadınlar kişilərlə müqayisədə daha az əməkhaqqı alırlar.

BMT Xəbərlər Mərkəzi bildirir ki, iclas iştirakçıları bu ədalətsizliyin aradan qaldırılması yollarını müzakirə ediblər.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına görə, qadınların orta əməkhaqqı kişilərlə müqayisədə 23 faiz aşağıdır. Pensiyalar sahəsində də vəziyyət belədir. Bu gün bir sıra ölkələrdə qadınlar adətən aşağı ixtisas səviyyəsi tələb edən əməklə məşğul olur və rəhbər vəzifələrdə az təmsil olunur. Haqqı ödənilməyən bütün ev işləri də çox vaxt qadınların üzərinə düşür.

Kanadanın Baş naziri Castin Trüdo iclasda çıxış edib. İslandiyanın Baş naziri Siqmundur David Qyunnleyqson və onun isveçli həmkarı Stefan Leven də görüş iştirakçılarına videoməktubla müraciət edib. Onlar öz ölkələrində əmək bazarlarında ayrı-seçkiliyə son qoyulması üçün görülən işlərdən danışıblar.

Diskussiyada məşhur amerikalı futbolçu, ABŞ-ın qadınlardan ibarət yığma komandasının hücumçusu, ikiqat Olimpiya çempionu Ebbi Vambax da iştirak edib. E.Vambax bildirib ki, o özü də idman aləmində qonorar ödənilməsində qadınlara qarşı ədalətsizliyin qurbanı olub.

Qeyd edək ki, qadınların və kişilərin əməyinin ödənilməsində fərqlər dünyanın bütün dövlətlərində - həm yoxsul, həm də varlı ölkələrdə müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə