ABŞ-da əsəblər tarıma çəkildi

Prezident postu uğrunda mübarizənin yeni mərhələsi başladı
ABŞ-da əsəblər tarıma çəkildi

ABŞ-da prezident postu uğrunda mübarizənin yeni və əsas mərhələlərindən biri start götürüb. Ayova ştatında ilk seçkiqabağı kokus keçirilib. Euronews telekanalı xəbər verir ki, ilk kokusda gözlənilməz nəticələr qeydə alınıb. Belə ki, Texas ştatından respublikaçılar arasında namizədliyə iddialı senator Ted Kruz partiya üzvlərinin 28 faiz səsini toplayaraq birinci yerə yüksəlib. Bu partiyadan seçkilərin şəksiz lideri sayılan milyarder Donald Tramp 25 faiz səslə ikinci sıranı tutub. Üçüncü yerdə isə Florida ştatından olan senator Mark Rubio gəlir. O, 21 faizdən çox səs toplaya bilib.

Demokrat Partiyasından isə ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton ilk kokusun nəticələrinə əsasən prezident postuna namizəd kimi daha populyar olduğunu qismən təsdiqləyib. İlkin məlumata görə, onu partiya yığıncağı iştirakçılarının təxminən 50 faizi dəstəkləyib. Demokratların namizədləri arasında ikinci yeri 48 faiz səslə Vermont ştatından olan senator Berni Sanders tutub.

Merilend ştatının keçmiş qubernatoru Martin Omelli çox cüzi dəstək aldığından prezident postu uğrunda mübarizədən kənarlaşmaq qərarına gəlib.

Xatırladaq ki, respublikaçılardan Ağ evin başçısı postuna rəsmi namizəd bu il iyulun 18-21-də Ohayo ştatının Klivlend şəhərində keçiriləcək partiya qurultayında, demokratların rəsmi namizədi isə iyulun 25-28-də Pensilvaniya ştatının Filadelfiya şəhərində keçiriləcək analoji forumda irəli sürüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə