Anomal istilər CAR-da 9 nəfərin ölümünə səbəb olub

Anomal istilər CAR-da 9 nəfərin ölümünə səbəb olub

Cənubi Afrika Respublikasının şimal-şərq əyalətində son onilliklərin rekord istisi nəticəsində 9 nəfər həlak olub. Hazırda respublikanın bu regionunda havanın hərarəti Selsi şkalası üzrə 40 dərəcədən yüksəkdir. Euronews telekanalı xəbər verir ki, əyalətin səhiyyə departamentinin nümayəndəsi Teboqo Deqetvane həyatını itirənlərin 22-58 yaş arasında olduğunu bildirib. Həmçinin 16 nəfər günvurma diaqnozu ilə əyalətin xəstəxanalarına yerləşdirilib.

Yanvarın 7-də Pretoriyada havanın hərarəti 42,5 dərəcəyə qalxaraq temperatur rekordunu yeniləyib.

Xatırladaq ki, hazırda cənub yarımkürəsində yay fəslinin ortalarıdır. Sakit Okean sularının qızmasına və istinin şərqə tərəf yerdəyişməsinə səbəb olan qeyri-adi "El-Nino" hadisəsi Cənubi Afrika Respublikasına 30 ilin ən güclü istilərini və quraqlığını gətirib. Ölkənin 9 əyalətindən 5-də fövqəladə vəziyyət elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə