Türkiyə cəsədi Rusiyaya qaytarır

Türkiyə "Su-24" tipli təyyarənin vurulması nəticəsində həlak olan pilotunun cəsədini Rusiyaya təhvil verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Oleq Peşkovun nəşi hazırda Esenboğa hava limanındadır və yaxın vaxtlarda təyyarə ilə Rusiyaya yola salınacaq. Nəşr qeyd edir ki, rus pilotun cəsədi Hatay vilayətindən Ankaraya gətirilib və o, paytaxtda bir gün klinikalardan birində saxlanılıb. Cəsədin konkret olaraq kimə təhvil verilməsi barədə məlumat verilmir.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə