Beynəlxalq konfransda ambisiyalı fəaliyyət planı qəbul edilib
Vyanada Suriya danışıqları

Noyabrın 14-də Vyanada keçirilən Suriyaya dair konfransda bu ölkədə tüğyan edən vətəndaş müharibəsinin dayandırılması və yeni siyasi dövrün başlanması istiqamətində ambisiyalı fəaliyyət planı qəbul olunub. ABŞ-ın dövlət katibi konfransdan sonra mətbuata verdiyi açıqlamada bildirib ki, fəaliyyət planında ilin sonunadək Suriyanın hökumət və müxalifət nümayəndələrinin görüşü nəzərdə tutulur. Altı əy ərzində müvəqqəti keçid hökuməti yaradılması, 18 ay ərzində isə ölkədə yeni seçkilərin keçirilməsi planlaşdırılır. Dövlət katibinin fikrincə, bu məqsədə nail olmaq üçün hökumətə sadiq silahlı qüvvələrlə beynəlxalq ictimaiyyətin qəbul etdiyi müxalifətçi qüvvələr arasında atəşkəs əldə olunmalı, İŞİD qruplaşması və "əl-Nusra" cəbhəsinə qarşı birgə mübarizə aparılmalıdır.

Danışıqlarda tərəflər arasında ümumi yaxınlaşma əldə olunsa da, Suriya Prezidenti Bəşər Əsədin siyasi taleyi ilə bağlı fikir ayrılığı hələ də qalmaqdadır.

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer mətbuata verdiyi açıqlamada konfransda Suriya müxalifəti ilə dərhal dialoqa başlamaq, eləcə də hökumətlə müxalifət nümayəndələri arasında görüşlərin keçirilməsi barədə qərar qəbul olunduğunu təsdiqləyib. Alman diplomat eyni zamanda qeyd edib ki, bu qərarlar "hələlik utopik səslənir". Lakin Parisdə baş vermiş dəhşətli terror hadisələri Suriya böhranının ciddi surətdə və birgə həlli istiqamətində beynəlxalq ictimaiyyətin qətiyyətini artırıb. Bu, İŞİD-ə qarşı təsirli mübarizə aparmaq üçün başlıca şərt olacaq. Böhranın həlli üçün beynəlxalq fəaliyyət planı və bu plana daxil olan proseslərə BMT Baş katibinin xüsusi elçisi Staffan de Mistura rəhbərlik edəcək.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini də konfransın gedişatını müsbət dəyərləndirib. Fransanın xarici işlər naziri Loran Fabius aktual hadisələrə işarə edərək bildirib: "Parisdəki terror aktları terrorizmə qarşı mübarizənin həmişə hesab etdiyimizdən daha da vacib olduğunu göstərdi".

Xatırladaq ki, oktyabrın 30-da Vyanada 17 ölkənin iştirakı ilə keçirilmiş ilk geniş tərkibli konfransda Suriya böhranın nizamlanmasına dair ilk ciddi diplomatik addımlar atılmış, ölkədə silahlı qarşıdurmanın dayandırılması və keçid hökumətinin qurulmasına dair danışıqlar aparılmışdı. Budəfəki konfransda isə Suriya böhranına son qoymaq üçün fəaliyyət planı qəbul edildi. Müşahidəçilərin fikrincə, iştirakçı ölkələrin gözlənilmədən qətiyyətli mövqe nümayiş etdirməsində Parisdəki terror aktlarının xüsusi rolu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə