Fransa qana büründü FOTOLAR

Dünən axşam Fransanın paytaxtı Parisin 7 fərqli bölgəsində eyni anda silahlı və bombalı hücum həyata keçirilib. Hadisə nəticəsində 153 nəfərin həlak olduğu bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, terrorçular Bataklan konsert salonuna hücum edərək 100 nəfəri əsir götürüblər. Polisin bütün səylərinə baxmayaraq əsirlər terrorçular tərəfindən öldürülüb.

Digər hücumlarda isə 53-dən çox adamın həlak olduğu bildirilib. Ölənlərin sayının artacağı ehtimal olunur.

Hücumu terror təşkilatı İŞİD öz üstünə götürüb.

Təxminən 100 nəfərin həlak olduğu Bataklan konsert salonuna gedən Fransa prezidenti Fransua Olland gördükləri qarşısında şok olduğunu bildirib: "Çoxlu sayda yaralı var. Gördüklərim qarşısında nə söyləyəcəyimi bilmirəm. Fransaya qarşı bu sui-qəsdi həyata keçirən insanlar çox ağır şəkildə cəzalandırılacaqlar".

Hazırda prezident Olland ölkədə fövqəladə hal elan edib.

Terror aktı şəhərin 7 fərqli bölgəsində baş tutub.

Parisin Le Petit Camboc restoranı atəşə tutulub. Daha sonra Fransa və Almaniyanın dostluq matçının oynanıldığı Steyt de Frans stadionunun yaxınlığında da iki partlayış olub. İzləyicilər arasında Fransa Prezidenti Fransua Olland da olub. Partlayışdan sonra prezident təhlükəsizlik qüvvələri tərəfindən stadiondan uzaqlaşdırılıb. Stadionun ətrafında baş verən partlayış zamanı 3 nəfər həyatını itirib.

Fransız prokuror terror aktında iştirak edən 5 terrorçunun öldürüldüyünü bildirib.

Bu terror aktı Parisdə II Dünya Müharibəsindən bu günə qədər baş verən qanlı hücum olaraq tarixə keçib.

Hazırda 1500 Fransa əsgəri şəhərin küçələrində təhlükəsizlik tədbirləri həyata keçirir. Fransa polisi Paris sakinlərini çölə çıxmamaqda xəbərdar edib.

Bu gün Eyfel qülləsi qaraya bürünüb.

Qeyd edək ki, Amerika Fransaya olan bütün uçuşları təxirə salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə