Lufthansa aviaşirkətinin pilotları tətil edəcəklər

Lufthansa aviaşirkətinin pilotları tətil edəcəklər

Almaniyanın Lufthansa aviaşirkətinin pilotları sentyabrın 8-də tətil edəcəklər. Bu barədə "Vereinigung Cockpit" həmkarlar ittifaqı məlumat verib. TASS informasiya agentliyi xəbər verir ki, tətillər yerli vaxtla saat 08:00-da başlayacaq və Almaniya aeroportlarından uçan bütün uzaq məsafəli magistral reyslərə şamil ediləcək. Tətillərin bir gün çəkəcəyi bildirilir.

Bu, keçən ilin payızından bəri mütəmadi olaraq keçirilən tətillərin 13-cü dalğasıdır. "Vereinigung Cockpit" həmkarlar ittifaqı hazırda qüvvədə olan tarif sazişinə dəyişikliklər edilməsinə çalışır. Təşkilat, əsasən, şirkət rəhbərliyinin pilotların vaxtından əvvəl təqaüdə çixması üçün tələb olunan yaş həddinin 61-ə qaldırılması planlarına etiraz edir. Hazırda bu göstərici 59 yaş təşkil edir.

Sosioloji sorğunun nəticələrinə əsasən, Almaniya vətəndaşlarının əksəriyyəti – 55 faizi həmkarlar ittifaqının tələblərinin real vəziyyəti əks etdirmədiyi fikrindədir. Lufthansa aviasiya kompaniyasının tətilləri ərzində milyondan çox insanın planı pozulub, təxminən 8 min reys ləğv edilib, şirkətə 300 milyon avro həcmində zərər dəyib.

Buna baxmayaraq, respondentlərin 83 faizi əmək mübahisələrinin həlli kimi aksiyaları dəstəkləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə