Terror təşkilatı Türkiyə ərazisində neft və qaz sektorunu hədəfə götürüb
PKK neft quyularına hücum edib

PKK terrorçuları Türkiyə ərazisində neft və qaz sektorunu hədəfə almaqda davam edir. Bu dəfə neft quyusu hücuma məruz qalıb. Məlumata görə, son günlər Türkiyənin hər tərəfində terror aktları törədən PKK bu dəfə Diyarbəkir vilayətində neft quyusuna hücum edib. Terrorçular özəl şirkətə məxsus quyunun generatorunu və işçilərin qaldığı konteyneri atəşə tutublar.

Təhlükəsizlik qüvvələrinin gəlişindən sonra silahlılar hadisə yerindən uzaqlaşıb. Ölən və ya xəsarət alanlar barədə məlumat verilmir. PKK terrorçuları Hakkari-Van yolunda isə türk ordusunun hərbi karvanına hücum edib. Yol kənarına yerləşdirilən uzaqdan idarə edilən bomba terrorçular tərəfindən partladılıb.

Partlayış nəticəsində ölən və yaralanan olmayıb. "Kirpi" adlandırılan bombaya davamlı zirehli texnika isə zədələnib. Ərazidə PKK-ya qarşı əməliyyatlar aparılır.

Bu arada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə üçün təhlükə saçan digər terror təşkilatı "İŞİD"ə qarşı genişmiqyaslı əməliyyatlara hazırlıq aparıldığını açıqlayıb. O, "İncirlik" hərbi hava bazasından istifadəylə bağlı ABŞ-la razılığa gəldiklərini, artıq orda ABŞ-ın pilotsuz aparatları və aviasiyasının olduğunu da vurğulayıb.

Çavuşoğlu tezliklə Suriyada mövqelərini möhkəmlədən "İŞİD"ə qarşı kompleks mübarizəyə başlanılacağını bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə