6 min nəfər təxliyə olundu
Vulkan püskürdü

İndoneziyanın hökumət orqanları Sumatra adasındakı Sinabunq vulkanı fəallaşdığına görə təxminən 6 min nəfəri təxliyə edəcək. Bu barədə iyunun 3-də ölkənin Fövqəladə Hallar üzrə Milli Agentliyi məlumat yayıb.

Agentliyin nümayəndəsinin bildirdiyinə görə, lavanın həcmi 3 milyon kubmetrə çatıb. Vulkanın günbəzinin dağılması təhlükəsi var. İlk növbədə vulkanın 3 kilometr radiusunda yaşayanların təxliyəsi planlaşdırılır. Ümumilikdə vulkanın ətrafında 7 kilometr radiusda insanların təxliyəsi nəzərdə tutulub.

Sinabunq dağı Sumatra adasının şimalında, Medan şəhərindən 60 kilometr məsafədə yerləşir. Vulkanın dəniz səviyyəsindən hündürlüyü 2460 metrdir. Son 400 ildə vulkanın ilk püskürməsi 2010-cu ildə baş verib. 2013-cü ildə və 2014-cü ilin əvvəllərində təkrar kül püskürmələri qeydə alınıb. Son püskürmə ötən ilin yayında baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə