Müdafiə naziri güllələndi

Şimali Koreya Xalq-Demokratik Respublikasının müdafiə naziri, ordu generalı Hön Yon Çhol dövlətə xəyanətdə və satqınlıqda suçlanaraq edam olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, müdafiə naziri paytaxt Pxenyandakı hərbi ali məktəbin həyətində güllələnib.
General Çhol ötən ay ölkə lideri Kim Çen Inın başçılığı ilə keçirilən toplantıda "reqlamenti pozmuşdu". Şimali Koreya Silahlı Qüvvələrinin Baş Qərargahının toplantısında Kim Çen In "ABŞ imperializminin hücum təhdidləri"ndən danışarkən Çhola sual vermiş, amma cavab ala bilməmişdi.

Səbəb nazirin yuxuya getməsi idi.

Yuxudan oyadılan nazir gözlərini döyüb, sonra ölkə liderinin təkrar sualına sərt cavab verib.

Hön Yon Çholun Pxenyandakı Kan Kon Hərbi Akademiyasının həyətində 12,7 mm çaplı zenit pulemyotu ilə atəşə tutulduğu və güllələndiyi vurğulanır.

Bu ilin əvvəlindən Şimali Koreyada yüksək çinli 15 məmur edam olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə