Merkel alman kəşfiyyatının tərəfini saxlayıb

Merkel alman kəşfiyyatının tərəfini saxlayıb

Dpa agentliyinin verdiyi xəbərə görə, AFR kansleri Angela Merkel BND alman kəşfiyyat xidmətini müdafiə edərək deyib ki, dostlar bir-birinə qarşı casusluq etmirlər. Onun sözlərinə görə, xüsusən terror təhlükəsi fonunda insanların təhlükəsizliyini təmin etmək üçün BND xidməti başqa kəşfiyyat xidmətləri ilə, o cümlədən ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) ilə əməkdaşlıq etməlidir.

Bu yaxınlarda alman xüsusi xidmət idarəsi ətrafında başlanmış qalmaqal barədə ilk dəfə fikrini bildirən Merkel deyib ki, hökumət BND xidmətinin iş qabiliyyətini təmin etmək üçün hər cür lazımi tədbirlər görəcək. Kanslerin sözlərinə görə, o, əvvəlki kimi yenə də belə hesab edir ki, dost ölkələr bir-birinə qarşı casusluq etməməlidirlər. O, öz telefon danışıqlarının MTA tərəfindən gizli şəkildə dinlənildiyi barədə informasiyanın yayılması ilə əlaqədar 2013-cü ildə qopmuş qalmaqala da belə reaksiya vermişdi.

BND kəşfiyyat xidmətini Avropa ölkələrində hökumət nümayəndələrinin, habelə Avropa konsernlərinin təqib olunmasında Amerikanın xüsusi xidmət idarələrinə kömək göstərməkdə təqsirləndirirlər. Bir gün əvvəl "Der Spiegel" jurnalı informasiya mənbələrinə istinadən xəbər verib ki, BND alman kəşfiyyat xidməti pozuntuları etiraf edib, lakin xüsusi olaraq vurğulayıb ki, dəyən zərər cüzidir.

Bütün xəbərlər Facebook səhifəmizdə