Rusiya artıq Avropa İttifaqının strateji enerji tərəfdaşı deyil

Avropa İttifaqı (Aİ) Rusiya Federasiyasını enerji sahəsində özünün strateji tərəfdaşları sırasına daxil etməyib. Bu barədə "Kommersant" qəzetinin yaydığı məlumatda deyilir ki, Avropa Komissiyası fevralın 25-də Avropa energetika ittifaqının yaradılması haqqında ilk rəsmi məlumat dərc edib. İndiyədək bu planlar barədə təsəvvürlər Aİ-nin prezidenti Donald Tusk tərəfindən irəli sürülmüş birgə təbii qaz almaq ideyasına əsaslanırdı. Nəşrin yazdığına görə, Avropa Komissiyası bu addımı atmaqla İttifaqın xarici energetika siyasətinin həyata keçirilməsində Aİ-nin üzvü olan dövlətlərin səlahiyyətlərinin əhəmiyyətli hissəsini öz əlində cəmləşdirmək istəyir.

Avropa Komissiyasının rəsmi sənədində Aİ-nin potensial tərəfdaşlarının siyahısı əksini tapıb. Avropa Komissiyasının rəyinə əsasən, Aİ Əlcəzair, Türkiyə, Azərbaycan, Türkmənistan və Yaxın Şərq ölkələri ilə strateji əməkdaşlığa nail olmağa səy göstərməlidir.

Fevralın 25-də Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç hətta yaxın gələcəkdə hazırda bir çox ölkələrin və beynəlxalq təşkilatların, o cümlədən Aİ-nin sanksiyaları altında olan İrandan, həmçinin İraqdan da qaz ixracına ümid bəslədiyini bəyan edib. M.Şefçoviç bildirib ki, Avropa Komissiyası artıq bu il Türkmənistan ilə Azərbaycan arasında TransXəzər qaz kəmərinin tikintisi haqqında üçtərəfli Anlaşma Memorandumunu imzalamağa hazırdır.

Bununla belə, Avropa İttifaqı ölkələrinin iri neft, neft məhsulları, təbii qaz, daş kömür və nüvə yanacağı ixracatçısı olan Rusiya strateji tərəfdaşların siyahısına daxil edilməyib. Sənəddə xatırladılır ki, Avropa İttifaqı Rusiya ilə enerji sahəsində münasibətlərinin yenidən formalaşdırılmasına əlverişli şəraitin yaranacağı təqdirdə baxacaq./azertag.az/

Bütün xəbərlər Facebook səhifəmizdə