“Boko haram” 300-dək itki verdi

“Boko haram” 300-dək itki verdi

Nigeriyanın silahlı qüvvələri fevralın 16-dan başlayan əməliyyatlarda "Boko haram" qruplaşmasının 300-ə qədər yaraqlısının öldürüldüyünü bildirir. Bu məlumatlar müstəqil mənbələr tərəfindən hələ ki, təsdiqlənməyib. TASS informasiya agentliyi xəbər verir ki, Nigeriya Milli Ordusunun rəsmi nümayəndəsi Kris Olukolad yaraqlıların hökumət qüvvələrinin ölkənin şimal-şərqindəki Monquno şəhərinə və ətraf kəndlərə nəzarəti bərpa etmək üçün apardıqları əməliyyatlar nəticəsində öldürüldüyünü deyib.

Qeyd edək ki, Nigeriya ordusu yanvar ayından bəri "Boko haram" qruplaşmasının əlində olan Monquno şəhərinə yalnız fevralın 16-da daxil ola bilib.

Regiondakı müşahidəçilər Nigeriya ordusunun Çad hərbi kontingentinin köməyi ilə artıq bir neçə həftədir ki, "Boko haram" qruplaşmasının mövqelərinə aktiv hücum etdiyini bildirirlər. Yaraqlılar da öz növbəsində Nigeriya, Çad, Kamerun və Nigerdə hökumət qüvvələrinə diversiya və partizan zərbələri ilə cavab verirlər.

Fevralın 17-də qruplaşmanın başçısı Əbubəkr Şekay Nigeriya hökumətini martın 28-də keçiriləcək prezident və parlament seçkilərinə mane olacağı ilə hədələyib.

Bütün xəbərlər Facebook səhifəmizdə