İŞİD-lə mübarizə aparan üsyançılar Türkiyədə təlim keçəcək

İŞİD-lə mübarizə aparan üsyançılar Türkiyədə təlim keçəcək

Türkiyə hökuməti İŞİD yaraqlıları ilə mübarizə aparacaq Suriya müxalifətinə təlim bazaları üçün yer verməyə razılaşıb. ABŞ-ın dövlət departamentinin nümayəndəsi Cen Psaki xüsusi brifinq zamanı bu məlumatı təsdiqləyib. TASS informasiya agentliyi xəbər verir ki, Vaşinqton razılaşmanın yaxın vaxtlarda imzalanacağını gözləyir. Proqramın mart ayında reallaşdırılması planlaşdırılır.

Bir qədər əvvəl ABŞ-ın dövlət katibi Con Kerri İŞİD-ə qarşı beynəlxalq koalisiyanın İraqda 12 yeni hərbi briqada hazırlamaq və payız aylarında Səudiyyə Ərəbistanı, Türkiyə və Qətər ərazisində Suriya müxalifəti döyüşçülərinin hazırlığına başlamaq niyyətində olduğunu bildirib.

Bu arada İordaniya hərbi hava qüvvələrinin komandanı general Mansur Saleh əl-Cubur beynəlxalq koalisiya qüvvələrinin İraqda və Suriyada son həftələr ərzində keçirdikləri antiterror əməliyyatlarında İŞİD-in 7 min yaraqlısının öldürüldüyünü qeyd edib. Koalisiyanın indiyə qədər qruplaşmanın hərbi potensialının təxminən 20 faizini məhv etdiyini deyən general, həmçinin hava zərbələri nəticəsində terrorçulara məxsus təchizat mərkəzlərinin, silah-sursat anbarlarının və sığınacaqların da dağıdıldığını vurğulayıb.

Hərbi hava qüvvələrinin komandanının sözlərinə görə, artıq beynəlxalq koalisiyanın əsas hədəfi İŞİD-in başçısı Əbu Bəkr əl-Bağdadinin öldürülməsi, yaraqlıların komanda mərkəzlərinin və təlim bazalarının dağıdılması, eyni zamanda qruplaşmanın əsas maliyyə qaynağına çevrilmiş qanunsuz neft ticarətinin qarşısının alınmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə