Yunanıstanın maliyyə naziri Yanis Varufakisin ötən həftə beynəlxalq kreditor "üçlüyü" (Avropa Mərkəzi Bankı, Beynəlxalq Valyuta Fondu və Avropa Komissiyası) ilə əlaqələri kəsmək barədə kəskin bəyanatından sonra ölkənin Baş naziri Aleksis Sipras gərginliyi azaltmağa çalışaraq maliyyə nazirinin yalnız "Yunanıstan və Avropa üçün qarşılıqlı faydalı qərar tapmaq" fikrində olduğunu bildirib. Qeyd edək ki, Yunanıstan maliyyə nazirinin bu çıxışı dünyada narahatlıq doğurmuşdu.
Yanis Varufakis fransız həmkarı Mişel Sapenlə görüşündən sonra eyhamla bildirib ki, o, Avropa İttifaqının Şimali Avropadakı daha uğurlu üzvləri ilə böhran içində olan Cənubi Avropa ölkələri arasındakı maraqların toqquşmasına qarşı çıxış edir. Yunanıstan Maliyyə Nazirliyinin rəhbəri bildirib ki, Afina danışıqlarda Parisə və ya Berlinə qarşı durmayacaq. Əks tərəfdə Fransa, yaxud Almaniya deyil, "bizim ümumi problemimiz" duracaq. Buna görə də Y.Varufakis şəxsən etiraf edib ki, Almaniyanın maliyyə naziri Volfhanq Şoyble ilə məmnuniyyətlə görüşərdi.
Bununla belə seçkiqabağı kampaniyada hazırda hakimiyyətdə olan Radikal Solçu Qüvvələr Koalisiyasının (SİRİZA) yüksək vəzifəli siyasətçilərinin dilindən tamam başqa fikirlər səslənib. Onlar "sərt iqtisadiyyat siyasəti haqqında memorandumu ləğv etmək" və "Berlindən təzyiqə" dərhal son qoyacaqlarını vəd ediblər.
Eyni zamanda, Yunanıstanın "To Vima" qəzeti "Siprasın Merkelə və mühafizəkar Avropaya qarşı mübarizəsindən" yazmaqda davam edir və borcların silinməsi barədə danışıqların müvəffəqiyyətsizliyə uğrayacağını proqnozlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB