Berlində "Beynəlxalq Yaşıl Həftə-2015" sərgisi keçirilir

Berlində "Beynəlxalq Yaşıl Həftə-2015" sərgisi keçirilir

Almaniyanın paytaxtı Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə - 2015" ("International Green Week – 2015") sərgisi öz işinə başlayıb. SİA-nın məlumatına görə, Azərbaycan artıq 8-ci dəfə bu sərgidə iştirak edir. Sərginin Azərbaycana aid pavilyonunda ölkəmizin Almaniya Federativ Respublikasındakı səfirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə 200-dən çox çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunur. Tədbirdə 20-dək Azərbaycan şirkəti iştirak edir.

Yanvarın 25-dək davam edəcək sərgi çərçivəsində iştirakçılara ölkəmizin investisiya və biznes imkanları, həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullarla bağlı məlumat veriləcək. Sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər də paylanacaq. Avropanın ən iri sərgilərindən biri hesab olunan "Beynəlxalq Yaşıl Həftə" 1926-cı ildən etibarən təşkil edilir. Hər il dünyanın 70-ə yaxın ölkəsindən 1500-dən çox müəssisənin və 5000-dək media nümayəndəsinin iştirak etdiyi sərgi yarım milyona yaxın insan tərəfindən ziyarət olunur.

"Beynəlxalq Yaşıl Həftə-2015" sərgisində Azərbaycanı 20-yə yaxın şirkət təmsil edir. Sərgidə Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev iştirak edib. Nazir müavini FAO və Avropa İttifaqının rəhbər şəxsləri, o cümlədən bir sıra ölkələrin kənd təsərrüfatı nazirləri ilə görüşərək kənd təsərrüfatı sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə