"Charlie Hebdo" yenə can aldı

Nigerin Zinder şəhərində "Charlie Hebdo" fransız satirik nəşrinin karikaturalarına etiraz olaraq baş verən olaylarda ən azı 4 nəfərin öldüyü bildirilir. SİA-nın məlumatına görə, bu barədə "vzqlyad" nəşri yazıb. Yerli hakimiyyət bununla bağlı məlumatında qeyd edib ki, ölən vətəndaşlar arasında hüquq-mühafizə orqanlarının əməkdaşı da var. O cümlədən, 22 jandarm və 23 etirazçı etiraz olaylarında müxtəlif cür bədən xəsarəti alaraq, yaralanıblar.

KİV-lərin yazdığına görə, kütlə əsəbi şəkildə Fransanın Nigerdəki mədəniyyət mərkəzinə daxil olub. Mədəniyyət mərkəzinə aid kafe, ofis və kitabxana yandırılıb. Polis daha öncə havaya iki xəbərdarlıq atəşi açsa da, kütlə buna əhəmiyyət verməyib.

Qeyd edək ki, "Charlie Hebdo" nəşrinin karikaturalarına etiraz olaraq, Afrikanın digər ölkələrində - Əlcəzairdə, Malidə, Seneqalda və Mavritaniyada da etiraz aksiyaları keçirilib. Bu ölkələrdə də yaralananların olduğu barədə xəbərlər var.

Bütün xəbərlər Facebook səhifəmizdə