Məhbus Estoniyaya daimi yaşayışa göndərildi

Məhbus Estoniyaya daimi yaşayışa göndərildi

Quantanamo həbsxanasının məhbusu Əhməd Əbdül Qədir Estoniyaya göndərilib. SİA xəbər verir ki, bu barədə ötən gün Pentaqon məlumat yayıb. Belə ki, Əhməd Əbdül Qədirin işinə baxan ABŞ-ın altı nazirliyi və digər müvafiq strukturları onun üçüncü ölkə kimi Estoniyaya göndərilməsi barədə qərar qəbul ediblər. Daha sonra Pentaqon bu qərar barədə ABŞ konqresini də məlumatlandırıb.

"ABŞ Estoniya hökumətinə göstərdiyi humanitar jestinə görə minnətdardır və ABŞ-ın Quantanamo körfəzindəki həbsxanasının bağlanması istiqamətində atdığı addımları dəstəkləməkdə davam edəcək" -deyə, Pentaqonun məlumatında qeyd edilib. Amerikanın hərbi strukturu eyni zamanda Əhməd Əbdül Qədirin Estoniyaya köçürülməsi qərarının onun həyatının təhlükəsizliyini qorumaqdan ötrü verildiyini bildirib.

Qeyd edək ki, Əhməd Əbdül Qədir Quantanamo həbsxanasında 12 il 7 ay saxlanılıb. Bildirilir ki, o, "Əl-Qaidə" veynəlxalq terror təşkilatının üzvü olub və qruplaşmanın müxtəlif ölkələrdəki gizli düşərgələrində hərbi təlim keçib. "Yəmən vətəndaşı olmuş Əhməd Əbdül Qədir Üsamə Ben Ladenin nəzarətində olan 55-ci "Ərəb briqadası"nın tərkibində döyüşüb. Hazırda onun 32 yaşı var" -deyə, Pentaqonun konqresə verdiyi məlumatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə