Erməni ailəsini qətlə yetirən hərbi qulluqçu ələ keçirilib

Erməni ailəsini qətlə yetirən hərbi qulluqçu ələ keçirilib

Erməni ailəsini qətlə yetirən rusiyalı hərbi qulluqçu Valeri Permyakov Rusiya sərhədçiləri tərəfindən yaxalanıb. O, Ermənistan-Türkiyə sərhəddini keçmək istərkən ələ keçirilib və Ermənistanda yerləşən RF-ya məxsus 102-ci hərbi bazanın komandanlığına təhvil verilib. SİA xəbər verir ki, bu barədə "interfax.ru" məlumat yayıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin Ermənistandakı mətbuat katibi Sergey Qreçinin bildirdiyinə görə, sərhəd naryadı hərbi qulluqçunu yanvarın 13-də gecə saatlarında Ermənistanın qərbində - Türkiyə ilə həmsərhəd olan Bayandur kəndində aşkar edib.

"Sərhəd pozucusu mülki geyimdə olub. Üzərində axtarış aparılarkən isə şəxsiyyətini təsdiq edən heç bir sənəd tapılmayıb. Eyni zamanda üzərində üç ədəd mobil telefon, elektrik fənər, 600 dram (13 ABŞ dolları) aşkar olunub. Araşdırmalar nəticəsində bəlli olub ki, o, 102-ci hərbi bazanın əsgəri Pemyakov Valeridir. Sərhəd xidmətinin rəisinin qərarına əsasən o, qarnizonun hərbi prokurorluğunun və əməliyyat axtarış şöbəsi rəsmilərinin iştirakı ilə həmin bazanın rəhbərliyinə təhvil verilib" -deyə, Qreçin bildirib.

Xatırladaq ki, bazar ertəsi Gümrüdə bir ailənin 6 nəfəri, o cümlədən, iki yaşlı uşaq qətlə yetirilib. Ailədən yalnız 6 aylıq körpə sağ qalıb və o, ağır vəziyyətdə xəstəxanaya çatırılıb. Qətl törədənin 102-ci hərbi bazanın hərbi qulluqçusu Premyakov olduğu barədə şübhələr yaranıb. Nəticədə onun barəsində axtarış elan olunub. Qatil barədə cinayət işinə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə