“AirAsia” şirkətinə məxsus təyyarə dənizə düşməzdən əvvəl havada partlayıb

“AirAsia” şirkətinə məxsus təyyarə dənizə düşməzdən əvvəl havada partlayıb

"Air Asia" şirkətinə məxsus qəzaya uğramış təyyarənin parçalarının vəziyyəti deməyə əsas verir ki, layner dənizə düşməzdən əvvəl partlayıb. Bu barədə yanvarın 12-də İndoneziya Axtarış və Xilasetmə Agentliyinin nümayəndəsi məlumat verib. O bildirib ki, dənizə düşmə ərəfəsində salonda təzyiqin kəskin dəyişməsi təyyarənin partlamasına səbəb olub: "Təyyarənin əldə edilmiş parçaları və digər tapıntılar deməyə əsas verir ki, layner dənizə düşməzdən əvvəl onun göyərtəsində partlayış baş verib".

Yanvarın 12-də dalğıclar təyyarənin bütün texniki parametrlərini qeydə alan "qara qutu"nu dənizdən çıxara biliblər. İndoneziya Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Bambanq Soelistinin sözlərinə görə, "qara qutu" yaxşı vəziyyətdədir və tədqiq olunmaq üçün Cakartaya göndərilib. "Qara qutu"nun açılmasında sinqapurlu mütəxəssislərlə yanaşı, "Airbus" şirkətinin nümayəndələri də iştirak edəcəklər.

İndoneziya silahlı qüvvələrinin baş komandanı general Muldoko bildirib ki, "qara qutu"da olan ilkin məlumatlar 2-3 gün ərzində əldə ediləcək. Qalan məlumatların götürülməsi isə 2-3 həftə çəkə bilər.

Bununla bərabər, dalğıclar təyyarənin kabinəsində, heyət üzvləri arasında olan danışıqları qeydə alan ikinci "qara qutu"nun axtarışlarını davam etdirirlər.

Xatırladaq ki, dekabrın 28-də qəzaya uğramış təyyarə Yava dənizi üzərində olarkən radarların ekranından itib, sonradan onun parçaları dənizin dibində aşkar olunub. Hazırda xilasedicilər həmin parçaların çıxarılması ilə məşğuldurlar. Qəzanın başvermə səbəbləri hələ də aydın deyil./azertag.az/

Bütün xəbərlər Facebook səhifəmizdə