Öcalan: “PKK 2015-ci ildə silahı yerə qoyacaq”

Öcalan: “PKK 2015-ci ildə silahı yerə qoyacaq”

Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalan bəyan edib ki, onun rəhbərlik etdiyi təşkilat 2015-ci ilin 15 may tarixində silahı yerə qoyacaq. SİA xəbər verir ki, bunu Türkiyənin "Milliyyət" qəzeti yazıb.

Öcalan deyib ki, PKK silahı yerə qoyduqdan sonra Türkiyə ərazisini tərk edərək, Şimali İraqın Kürdüstan muxtariyyətinə keçəcək. Xatırladaq ki, PKK təşkilatı 70-ci illərin sonlarında yaradılıb və onlar "müstəqil Kürdüstan" dövləti qurmaq üçün kürdlərin sıx yaşadığı bölgələri Türkiyədən ayırmağa çalışıblar. Təşkilat bir sıra beynəlxalq qurumlar tərəfindən terror qruplaşması kimi tanınır. Abdullah Öcalan isə 90-cı illərin sonlarında Türkiyənin xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində Keniyada həbs edilərək, Türkiyənin İmralı adasındakı həbsxanasına salınıb. Ona ömürlük həbs cəzası verilib. Türkiyə tərəfi bəyan edib ki, əgər PKK silahı yerə qoysa, Öcalanın azadlığa buraxılması barədə düşünmək olar".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə