Yaponiya polisinin yaydığı məlumata görə, Naqano prefekturasında dünən baş vermiş iki zəlzələ nəticəsində xəsarət alanların sayı 39 nəfərə çatıb. Onlardan yeddisi ağır xəsarət alıb. Zəlzələlər ən çox Hakuba və Oqava kəndlərinə, Naqano şəhərinə ziyan vurub. Təbii fəlakətdən sonra bir neçə saat ərzində dağıntılar altından 21 nəfər, o cümlədən iki yaşlı uşaq çıxarılıb.
Bir çox yaşayış məntəqələrinə suyun verilişi dayandırılıb və tələbat sisternlərlə ödənilir. Zəlzələnin ən çox hiss olunduğu rayonlarda 1000-dən çox insan evlərini tərk edərək, təxliyə məntəqələrində gecələyiblər.
Ərazidə yeraltı təkanlar davam edir və seysmoloqların proqnozuna görə, bu, hələ bir həftə davam edəcək. Bununla əlaqədar dağlıq rayonlarda sürüşmələr və uçqunlar gözlənilir.
Qeyd edək ki, noyabrın 22-də Naqano prefekturasında səkkiz dəqiqə ərzində 6,8 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanların episentri prefekturanın şimalında, ocağı 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Yaponiyanın 47 prefekturasından 27-də, o cümlədən paytaxt Tokioda da hiss olunub. Sunami təhlükəsi elan edilməyib.
Vüqar Ağayev, AzərTAc
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB