Varşavada Polşa yəhudilərinin muzeyi açılıb

Varşavada Polşa yəhudilərinin muzeyi açılıb

Polşa knyazlığının ərazisinə ilk yəhudilər hələ orta əsrlərdə gəliblər. Onlar bu torpaqda min ildən coxdur yaşayırlar. İkinci dünya müharibəsi həmin tarixin ən faciəli səhifəsidir. Müharibə illərində yəhudi qırğınları nəticəsində 3,5 milyon yəhudinin yalnız 300 mini sağ qalıb. Yəhudilər ölkənin bütün iri şəhərlərində gettolara atılıblar. Oradan isə yeganə yol olub: ölüm düşərgəsinə deportasiya, qaz kamerası və krematoridə yandırılma. Varşava gettosunda üsyan İkinci dünya müharibəsinin ən faciəli epizodlardan biridir. Sağ qalan getto sakinləri ölüm düşərgərlərinə deportasiya olunub.

Polşa mətbuatı xəbər verir ki, bu günlərdə Varşavada Polşa yəhudilərinin muzeyi açılıb. Muzey ekspozisiyası ilə tanış olanda məlum olur ki, yəhudiləri məhv edənlərlə bərabər, öz həyatı bahasına onları xilas edənlər də olub.

Polşa Yəhudiləri Tarixi Muzeyinin direktoru Dariuş Stola deyib: "Polşanın yəhudi mədəniyyəti son dərəcə zəngin və rəngarəngdir. Yəhudi icması çox böyük idi. Burada hər zümrədən müxtəlif əqidəli insanlar olsa da, hamısını eyni faciəli aqibət gözləyib. Biz müəyyən tarazlığı pozmamaq üçün diqqəti sonuncu məsələ üzərində cəmləşdirmirik".

Varşavanın meri Hanna Qronkeviç-Valts açılış mərasimində vurğulayıb ki, ekspozisiyanın əsas məqsədi iki milləti birləşdirən ümumi tarixin nə dərəcədə əhəmiyyətli olduğunu göstərməkdir.

O deyib: "Biz o dövrün fotoşəklini yaratmağa cəhd göstərmişik. Həmin dövrdə isə nə fotoaparat olub, nə də fotoşəkil".

Muzeyin binası vaxtilə Varşava gettosunun yerləşdiyi məhəllədə inşa olunub. Muzey layihəsinin müəllifi memar Rayner Mahlamyakidir.

Bütün xəbərlər Facebook səhifəmizdə