İordaniya BMT-nin Təhlükəsizlik Şurasına şikayət edib

İsrailin Qüdsdəki hərəkətlərinə görə
İordaniya BMT-nin Təhlükəsizlik Şurasına şikayət edib

İordaniya Qüdsdəki Əl-Əqsa məscidində İsrailin hərəkətləri ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına rəsmi şikayət məktubu ilə müraciət edib.

İordaniya həmin məktubda BMT Təhlükəsizlik Şurasından məscidə hücumlara son qoyulmasını, habelə xüsusi təyinatlı dəstələrin və polisin müsəlmanların əsas ziyarətgahlarından birinə reydlər keçirməsinə görə İsrailin məsuliyyətə cəlb olunmasını xahiş edir. Göstərilir ki, bu reydlər nəticəsində vəziyyət daha da kəskinləşib.

İordaniya Haşimilər Krallığının BMT-dəki daimi nümayəndəsi Dina Kavar Məbəd Dağı kompleksində hadisələrin təhlükəli məcrada inkişafına diqqəti cəlb edir. Məktubda qeyd olunur ki, İsrail xüsusi təyinatlıları və polisi bu kompleksdəki məscidin içərisində qaz silahı, tüstü bombaları və rezin güllələr tətbiq edib, qanunsuz hərəkətlər nəticəsində məscidin tavanındakı mozaika, döşəmə örtüyü və digər sahələr zədələnib. Məktubda deyilir: "İordaniya Qüdsdəki müqəddəs ziyarətgahların hamisi olmaqla, İsrail tərəfindən Məbəd Dağına hücumları dayandırmaq üçün növbəti addımlar atacaq və hüquqi tədbirlər görəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə