ABŞ-da seçki marafonuna start verildi

ABŞ-da milyonlarla seçicinin ara seçkilərdə səs verəcəyi gözlənilir
ABŞ-da seçki marafonuna start verildi

2016-cı il prezident seçkilərinə yol açan indiki seçkilərdə senatın kimin nəzarətinə keçəcəyi məsələsi həll olunmalıdır. Konqresin Nümayəndələr Palatasına nəzarət edən respublikaçıların Senatda da yerlərin çoxuna sahib olması üçün cəmi 6 əlavə yerin qazanılması kifayət edər. Bu arada, prezident Obamanın reytinqinin ən aşağı həddə düşməsindən məyus olmamağa çalışan demokratlar qarşısında bu seçkidə duran əsas məsələ geriləməyə yol verməməkdir.

Özlərinə ürək-dirək verməyə çalışan demokratlar kritik məqamlarda elektoratı rəqiblərindən daha ustalıqla səfərbər etmək bacarıqları ilə öyünürlər. Demokratlar əmindir ki, elektoratla işləmək bacarığı onların bu seçkidə üstünlüyünü təmin edəcək. "Heç kim evində oturmasın, hamı səs verməyə çıxsın, sizin əvəzinizə sizin gələcəyinizi müəyyən etmək hüququnu heç kimə verməyin", - deyə bazar günü seçkiqabağı tədbirdə çıxış edən prezident Obama bildirib.

Buna baxmaraq, hətta iqtisadiyyatda müsbət tendensiyalar fonunda prezident Obamanın populyarlıq reytinqinin 40 faiz həddini aşa bilmədiyini qeyd edən təhlilçilər bu seçkiləri respublikaçıların qazanacağını proqnozlaşdırırlar. "Əslində, bu səsverməni prezidentliyə dair referendum kimi qəbul etmək lazımdır", - deyə növbəti prezident seçkilərində namizəd olacağı ehtimal edilən respublikaçı senator Rand Paul ötən həftəsonu NBC televiziyasına açıqlama verib.

ABŞ-da prezidentlik müddətinin ortasında keçirildiyindən bu seçkilər "ara seçkilər" adlanır. Statistikaya əsasən, ara seçkilərdə adətən prezident partiyasına rəqib olan partiya daha yaxşı nəticələr göstərir. Bu dəfəki ara seçkilərdə 100 yerlik Senatda mandatların üçdə birisi, 435 yerlik Nümayəndələr Palatasında mandatlarını hamısı, 50 ştat qubernatoru vəzifələrinin 36-ı, federal və yerli qurumlara xeyli sayda vəzifələr səsverməyə çıxarılıb.

Senatda səsverməyə çıxarılan yerlər uğrunda aparılacaq rəqabətin böyük maraqla izlənəcəyi gözlənilir. Konqresin Nümayəndələr Palatasına artıq nəzarət edən respublikaçılar Senatda da üstünlük əldə edə bilsələr, bu, onlara prezident Obama üçün onun prezidentlik müddətinin başa çatmasına qalmış son 2 ildə ciddi "baş ağrısı" yaratmağa imkan verəcək.

Qeyd edək ki, səsvermə məntəqələri Bakı vaxtı ilə saat 15.00-da açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə