Qazaxıstandan İran körfəzinə dəmir yolu çəkilir

Qazaxıstan - Türkmənistan – İran - İran körfəzi dəmir yolunun açılışı 2014-cü il noyabr ayının birinci ongünlüyündə olacaq. Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev bu barədə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə Akordada (Qazaxıstan Respublikası Prezidentinin iqamətgahında) keçirilmiş görüşün yekunlarına dair mətbuat konfransında məlumat verib.

N.Nazarbayev deyib: "Biz ikitərəfli münasibətlərə dair konkret razılıq əldə etdik. Xəzər dənizində tikilən terminallar barədə ayrıca söhbətimiz oldu. Qazaxıstan - Türkmənistan – İran - İran körfəzi dəmir yolu istifadəyə veriləndən sonra bizim ərzaq buğdası satışı imkanlarımız beş qat artacaq. Yəni, indi 500 min ton ərzaq buğdası satırıqsa, gələcəkdə bu göstərici 2,5 milyon tona çatacaqdır. Dəmir yolu 10 milyon ton yük aşırmağa imkan verəcəkdir. Bu, çox vacibdir".

Prezident vurğulayıb ki, İran bu yol vasitəsilə Rusiyanın və Çinin ucsuz-bucaqsız ərazilərinə, Qazaxıstan isə İran körfəzindəki bütün dövlətlərə çıxış əldə edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə