Papa “Müqəddəs torpaqlar”a səfərə başlayır

Papa “Müqəddəs torpaqlar”a səfərə başlayır

Katolik aləminin ruhani lideri Papa Francis İordaniya, Fələstin və İsraildən ibarət olan "Müqəddəs torpaqlar"a ziyarətinə başlayır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, keçən il Braziliyanın Rio De Janeyro şəhərindəki Gənclər gününə qatılan Papa Francis, ikinci xarici səfərinə İordaniyadan başlayacaq.

Səfərinin ikinci günündə Papa əvvəlcə Fələstinli rəsmilərlə görüşəcək, daha sonra müqəddəs yerləri gəzəcək.

Fələstin Turizm naziri Rulan Maayah Papanın ziyarətinin olduqca əhəmiyyətli olduğunu bildirib: "Papanın burada qoruyucu şüşə və zireh olmadan gəzməsi özünü Fələstində təhlükəsiz hiss etməsi haqqında bütün dünyaya verəcəyi mesajı olacaq."

Vatikan rəsmiləri Papanın Fələstin ziyarətində şüşəli qoruyucu vasitədən istifadədən imtina etməsinin bir səbəbinin də fələstinlilərə yaxın olmaq istəməsi olduğunu bildiriblər.

Papa Fələstindən sonra Qüdsə gedəcək. Papa Qüdsdə Yəhudi Soyqırımı Muzeyini ziyarət etdikdən sonra İsrail Baş naziri Binyamin Netanyahu ilə də görüşəcək.

Papa "Müqəddəs torpaqlar"ı ziyarət etdikdən sonra mayın 26-da Romaya dönəcək.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə