İordaniyanın milli bayramı şərəfinə

İordaniyanın milli bayramı şərəfinə

Bu gün İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib. Azərbaycanın və İordaniyanın dövlət himnləri səslənib.

İordaniyanın Azərbaycandakı müvəqqəti işlər müvəkkili Fadi Qvayder rəsmi qəbulda çıxış edərək ölkəsinin müstəqillikdən sonra keçdiyi inkişaf yolundan danışıb, bu illər ərzində iqtisadi və mədəni sahələrdə böyük uğurlar qazanıldığını, İordaniyanın dünya birliyində layiqli yer tutduğunu vurğulayıb.

Diplomat dost ölkələr olan İordaniya ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin inkişafına əlverişli zəmin yaradıb. Vurğulanıb ki, İordaniya ilə Azərbaycan arasında əlaqələr iki görkəmli dövlət xadiminin - Heydər Əliyevin və Kral Hüseyn bin Təlalın səyləri nəticəsində qurulub. İordaniya Kralı Əlahəzrət II Abdullah və Prezident İlham Əliyev hazırda bu əlaqələri uğurla davam etdirirlər. Ölkələrimiz arasında iqtisadi, mədəni, ticari, informasiya və turizm sahələrində çox uğurlu əməkdaşlıq vardır.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov əlamətdar gün münasibətilə dost İordaniya xalqını Prezident İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını və xoş arzularını mərasim iştirakçılarına çatdırıb.

Ziyafət Əsgərov deyib ki, İordaniya Kralı II Abdullahın ölkəmizə və Prezident İlham Əliyevin İordaniyaya səfərləri əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dostluq münasibətlərində yeni mərhələ açıb.

Azərbaycan-İordaniya əlaqələrinin sürətlə inkişaf etdiyini diqqətə çatdıran Milli Məclis sədrinin birinci müavini ölkələrimiz arasında 40-a yaxın müqavilənin imzalandığını, 6 müqavilənin isə imzalanmaq üçün hazırlandığını vurğulayıb.

Ziyafət Əsgərov əlaqələrimizin gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə