Türkiyədə prezident seçkiləri yaxınlaşdıqca siyasi müstəvidəki münasibətlər gərginləşir
Türkiyədə növbəti prezident seçkilərinin vaxtı yaxınlaşdıqca siyasi müstəvidə müzakirələr qızışmaqda, proseslərə ictimaiyyətin marağı sürətlə artmaqda davam edir.
Növbəti prezident seçkilərinin vaxtı 2014-cü il avqustun 10-na təyin edilmişdir. Ölkənin Yüksək Seçki Komissiyasının bu barədə qəbul etdiyi qərara görə, birinci turda qalib müəyyən olunmayacağı təqdirdə səsvermənin ikinci turu avqustun 24-də keçiriləcək. Xarici ölkələrdəki Türkiyə vətəndaşlarının səsvermədə iştirakını təmin etmək məqsədilə bu ölkənin diplomatik nümayəndəliklərdə səsvermə məntəqələri yaradılacaq.
Siyasi partiyalarına hansı namizədlə seçkiyə qatılacaqları, yarana biləcək "seçki blokları", partiyalarını seçəcəkləri seçki taktikaları, partiyaların seçici elektoratlarına nüfuz imkanları və s. məqamlar ictimaiyyəti və medianı düşündürən suallar sırasındadır.
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) hansı namizədlə seçkidə iştirak edəcəyi də ən aktual müzakirə mövzuları çərçivəsindədir.
AKP təmsilçilərinin məlumatlarına görə, "vahid namizəd" məsələsində hakim partiyanın heç bir problemi yoxdur. Prezident Abdullah Gül və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ayrı-ayrı vaxtlarda səsləndirdikləri açıqlamalarda bildiriblər ki, "vahid namizəd" məsələsi ilə bağlı yekdil qərar veriləcəkdir. Ekspertlər hesab edirlər ki, Baş nazir Rəcəb Tayyib Ərdoğanın AKP tərəfindən vahid namizəd olmaq şansı daha böyükdür.
Xatırladaq ki, bu, Türkiyədə ümumxalq səsverməsi yolu ilə keçiriləcək birinci prezident seçkiləridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB