Çin Xalq Respublikasının (ÇXR) iki patrul gəmisi Şərqi-Çin dənizində rəsmi Tokionun Yaponiya ərazisi hesab etdiyi Senkaku adaları ətrafındakı mübahisəli zonaya daxil olub. Bu barədə Yaponiyanın sahil mühafizəsinin yaydığı məlumatda bildirilir.
Qeyd edilir ki, Çin gəmiləri həmin ərazidə iki saata yaxın qalıblar.
Yaponiya ilə Çin arasında Senkaku adaları ilə bağlı mübahisə 2012-ci ilin sentyabrında Tokio həmin adaları fərdi mülkiyyətçidən satın aldıqdan sonra kəskinləşib. Bundan sonra Pekində Yaponiya əleyhinə kütləvi etiraz aksiyaları keçirilmişdi.
Aprelin 25-də Yaponiyaya rəsmi səfərini başa vuran ABŞ Prezidenti Barak Obama bəyan etmişdir ki, Senkaku adaları iki ölkə arasında 1960-cı ildə imzalanmış təhlükəsizlik haqqında müqavilənin 5-ci bəndinə daxildir. Bu isə o deməkdir ki, Vaşinqtonun Yaponiyaya məxsusluğunu qəbul etdiyi həmin ərazilərə qarşı istənilən aqressiya ABŞ-ın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcək və bu ölkənin Konstitusiyasına müvafiq addımlar atılacaq.
Çin Xarici İşlər Nazirliyi öz növbəsində məsələnin bu cür qoyulmasının əleyhinə çıxış edib. Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çin Qan deyib: "Çin ABŞ ilə Yaponiya arasında 1960-cı ildə imzalanmış təhlükəsizlik haqqında müqavilənin Dyaoyuydao (Senkaku) adalarına aid edilməsinin qəti əleyhinə çıxış edir. Həmin müqavilə "soyuq müharibə" dövründə imzalanmışdır və Çinin suverenliyinə qarşı yönələ bilməz". O vurğulamışdır ki, "heç bir xarici ölkənin hərəkəti və bəyanatı Çinin bu adalar qrupuna hüquqlarını məhdudlaşdıra, ÇXR hökumətinin və xalqının ölkənin suveren hüquqlarını müdafiə etməsinə mane ola bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB