Fransada siyasi qalmaqal qızışır

Fransada siyasi qalmaqal qızışır

Pasxa bayramı ərəfəsində alman neonasistlər Fransanın şimal-şərqindəki Elzas regionu ərazisində toplantı keçiriblər. Bununla əlaqədar, Fransanın əsas müxalifətçi partiyası olan Xalq Hərəkatına Dəstək İttifaqının sədr müavini senator Roje Karuçi respublikanın baş naziri Manuel Valsdan izahat tələb edib: necə olub ki, Fransa hakimiyyət orqanları ölkə ərazisində belə bir toplantı keçirilməsinə icazə veriblər.

Karuçi bundan əvvəl Daxili İşlər Nazirliyinə rəhbərlik etmiş yeni hökumət başçısından xahişini Fransa KİV-ləri tərəfindən yayılmış açıq məktub şəklində şərh edib. Məktubda deyilir: "Əsasən almanlardan ibarət 200 neonasistin toplaşdığı yığıncaq Fransanın kiçik Oltenq şəhərində keçirilib. Bu bayram şənliyi Adolf Hitlerin doğum günü şərəfinə, müğənnilərin və musiqiçilərin iştirakı ilə təşkil edilib".

Bununla əlaqədar kütləvi informasiya vasitələrində yayılmış məlumata görə, Almaniya hakimiyyət orqanları bu toplantı barədə fransızlara əvvəlcədən xəbərdarlıq edib. Karuçi xahiş edib ki, Valsdan həmin məlumatı ya təsdiq, ya da təkzib etsin. Karuçi bir məsələyə də aydınlıq gətirilməsini xahiş edir: Nə üçün bu görüş başlanana qədər qadağan edilməyib və ya yarımçıq kəsilməmişdir, halbuki jandarm əməkdaşları hadisə yerində olublar.

Senatorun sözlərinə görə, bu qədər geniş qanunlara malik olan hakimiyyət orqanlarının Fransa ərazisində bu cür aksiyalar keçirilməsinə yol verməsi istənilən halda qəbuledilməzdir.

Asayiş keşikçilərinin məlumatına görə, aprelin 19-dan 20-nə keçən gecə təşkil edilmiş neonasist toplantısında Fransa, Almaniya və İtaliyadan 200-dən çox insan iştirak edib.

Həmin gecə şəhərdəki banket zalını kirayə götürən bir fransız və bir alman orada "ad gününü qeyd etmək" istədiklərini bildiriblər. Onlar məhz kimin ad gününü qeyd etməyə hazırlaşdıqlarını dəqiqləşdirməyib, şəhərin hakimiyyət orqanları isə bunu soruşmayıblar.

KİV-lərdə yayılan məlumata görə, həmin məclisə alman musiqi qrupları və hətta ABŞ-dan "Blue Eyed Devils" kollektivi də dəvət edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə