Almaniya “Cənub axını” layihəsini dəstəkləyir

Almaniya “Cənub axını” layihəsini dəstəkləyir

AFR iqtisadiyyat və energetika naziri Ziqmar Qabriel Rusiyadan Avropa İttifaqı ölkələrinə "Cənub axını" qaz kəməri çəkilişi layihəsini dəstəkləyir.

Almaniyanın yeni enerji doktrinasına həsr edilmiş mətbuat konfransında çıxış edən Qabriel deyib: "Avropanın qaz ilə təchizatı mövzusunda diskussiyalar Rusiyadan başlanan hər hansı qaz kəmərlərinə mane olmaq şüarı altında keçirilməməlidir".

Bununla bərabər, nazir tranzit ölkələrin ərazisində münaqişələr yaranacağı halda Avropa ölkələrinin az zərər çəkməsi üçün enerji daşıyıcıları ilə təchizatın şaxələndirilməsinə tərəfdar olduğunu bildirib.

Qabriel Avropanın özündə qaz nəqli magistrallarının vahid şəbəkə şəklində daha sıx birləşdirilməsini daha vacib vəzifə hesab edir. Onun fikrincə, bu ona görə lazımdır ki, hər hansı siyasi və ya iqtisadi səbəblər üzündən bir yerdə nasazlıq yaranacağı halda Avropa qitəsi və ya qitədəki ayrı-ayrı dövlətlər şantaja məruz qalmasınlar. Nazir onu da vurğulayıb ki, Almaniyanın özündə Rusiya qazı ilə təchizatdan asılılıq Aİ üzvü olan bəzi başqa ölkələrdəki dərəcədə yüksək deyildir.

O deyib: "Bu asılılığı azaltmaqda belə dövlətlərə kömək etmək lazımdır. Buna Avropa qaz bazarı yaradılması, qaz nəql edilən boru kəmərlərinin vahid şəbəkə şəklində birləşdirilməsi və həmin şəbəkəyə dünyanın başqa qitələrindən yanacaq doldurulması yolu ilə nail olmaq mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə