Ukraynanın xarici işlər nazirliyi ölkənin baş prokurorluğuna rus əsgəri tərəfindən qətlə yetirilmiş mayor rütbəli zabitin işinin operativ şəkildə araşdırılmasını və günahkarların tezliklə tapılıb cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.
Ukrayna xarici işlər nazirliyinin informasiya departamentinin direktoru Yevgeniy Perebiynis bu saatlarda keçirdiyi brifinqdə sözügedən hadisədən narahatlıq keçirdiklərini bildirib.
"Hadisə ilə bağlı Ukrayna tərəfi Rusiya XİN-ə nota göndərəcək və faciəli hadisənin araşdırılmasını tələb edəcək"-deyə Perebiynis bildirib. Onun sözlərinə görə, həlak olmuş zabitin iki azyaşlı uşağı var və cinayətkarlar buna görə cavab verməlidirlər.
"Biz istisna etmirik ki, Rusiya tərəfi hərbi işğal və ilhaq nəticəsində Ukraynanın suveren ərazisi hesab edilən Krımda qanundankənar məhkəmələr qurur, bunun nəticəsində müvəqqəti olaraq hərbi hissələrdə qalan ukraynalı hərbçilər öz hərbi andlarına sadiq qalaraq Rusiya ordusu tərəfinə keçmədiklərinə görə güllələnirlər, həbs edilirlər"-deyə XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, Krımda rus hərbçi ukraynalı zabiti avtomatdan açdığı atəş nəticəsində qətlə yetirib. Öldürülən şəxs Novofyodorovkadakı zabit yataqxanasında məskunlaşmış mayor Stanislav Karaçayevski olub. Mayoru qətlə yetirən rus hərbçisi isə Rusiya Federasiyası Qara Dəniz donanmasının kiçik çavuşu Zaytsev soyadlı əsgər olub.
Bundan əlavə, bildirilir ki, həlak olmuş zabitin dostu – Ukrayna silahlı qüvvələrinin operativ qərargahının zabiti kapitan Artyom Yermolenko rus hərbçiləri tərəfindən vəhşicəsinə döyülüb və həbs edilib. Hazırda onun RF Qara dəniz donanmasına məxsus hərbi izalyatorda saxlandığı qeyd olunur.
Rusiya regional əməliyyat idarəsinin mətbuat xidmətindən isə bildirilir ki, ukraynalı zabitlər sərxoş halda vaxtilə onların özlərinin xidmət göstərdikləri hərbi hissəyə gələrək, Rusiya hərbçilərinin qurduğu hərbi-keçid məntəqəsində münaqişə yaradıblar. Rus əsgərləri isə özünümüdafiə hüququndan və hərbi vəziyyətdən istifadə edərək, silahdan istifadə etməyə məcbur olublar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB