Əfqanıstanda səsvermə başa çatıb

Əfqanıstanda səsvermə başa çatıb

Əfqanıstanda keçirilən prezident və bələdiyyə seçkilərində səsvermə başa çatıb. Proqnozların əksinə olaraq, seçkilərdə əsas problemi "Taliban" hərəkatı yox, güclü yağış və bülleten qıtlığı yaratmışdır. Pis hava şəraitinə görə seçki məntəqələrinin işi bir saat uzadılıb.
Taliblərin səsverməni pozacaqlarına dair hədə-qorxularına baxmayaraq, seçki günü ölkədə vəziyyət əsasən sabit keçib. Seçki məntəqələrinin təhlükəsizliyini 350 min hərbi qulluqçu və hüquq mühafizə orqanlarının əməkdaşları qoruyub. Seçkilərdə ciddi qanun pozuntusunun qeydə alınmadığı bildirilir.
Seçkinin əsas özəlliyi səsvermə bülletenlərinin çatışmaması olub. Bir çox məntəqələrdə bülletenlər günorta vaxtı qurtarıb. Hökumət əlavə bülletenləri helikopterlə çatdırmağa cəhd göstərsə də, hava şəraiti buna imkan verməyib.
Əfqanıstanda 12 milyon insan seçki hüququna malikdir. Ölkədəki mürəkkəb vəziyyətə görə səsvermədə iştiraka heç bir hədd qoyulmayıb və seçki istənilən halda baş tutmuş hesab olunur. Səslərin sayılması aprelin 6-da başlayacaq və iki həftə davam edəcək. İlkin nəticələr aprelin 26-da açıqlanacaq.
Analitiklərin fikrincə, namizədlərin heç biri qələbə üçün lazım olan 50 faizdən çox səs toplaya bilməyəcək. Belə olduğu təqdirdə mayın 28-də seçkilərin ikinci turu keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə